...

AZƏRBAYCAN HÖKUMƏTİ VƏ MEDİA ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB

Cəmiyyət Materials 13 İyul 2005 13:45 (UTC +04:00)

Prezidentin İcra Aparatının (PİA) təşkilatçılığı və Avropa Şurası Media Departamentinin dəstəyi ilə Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş üçgünlük seminar iyulun 13-də Azərbaycan hökuməti və media təmsilçiləri arasında Anlaşma Memorandumunun imzalanması ilə öz işini başa çatdırıb.

Trend informasiya agentliyi xəbər verir ki, tərəflər arasında imzalanmış memorandumun layihəsi Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Media İnstitutunun rəhbəri Rəşid Hacılı, PİA-nın əməkdaşı Nazim İsayev və "ANS-TV"nin rəhbəri Seyfulla Mustafayev tərəfindən hazırlanmışdır.

Memorandumda ictimaiyyəti, onu maraqlandıran və ictimai əhəmiyyət kəsb edən məsələlər barədə dəqiq və doğru-dürüst məlumatlandırmaq məqsədilə dövlət hakimiyyət orqanları və KİV arasında davamlı dialoqun mövcud olması, informasiya mübadiləsinin aparılması və normal əlaqələrin qurulmasının vacibliyi, bu münasibətlərin açıq, şəffaf olması, qarşılıqlı hörmət prinspinə əsaslanması öz əksini tapıb.

"KİV-lər və siyasətçilər, dövlət məmurları arasında həmişə, xüsusən seçkilər ərəfəsində mübahisələrin olması təbii haldır. Lakin dövlət hakimiyyət orqanları, siyasi partiyalar və seçki blokları seçkilərə təsir göstərmək üçün kütləvi informasiya vasitələrinin fəaliyyətinə müdaxilədən çəkinməlidirlər. KİV-lər isə öz fəaliyyətlərində hamılıqla qəbul edilmiş etik prinsiplərə riayət etməli və təhqirdən, şərəf və ləyaqəti alçaldan materiallardan çəkinməlidirlər. KİV-lər siyasətçilərin, dövlət məmurlarının və onların ailə üzvlərinin şəxsi həyatına hörmətlə yanaşmalı, etik çərçivəyə sığmayan materiallardan imtina edilməlidirlər",-deyə memorandumda qeyd olunmuşdur.

Memorandumda həmçinin, Avropa Şurası standartlarına uyğun "İnformasiya azadlığı haqqında" qanunun qısa müddətdə qəbuluna nail olunması, "Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna əlavə və dəyişiklik edilməsinin vacibliyi öz əksini tapıb.

Qarşılıqlı razılığa əsasən memoranduma əməl edilməsi ilə monitorinqin aparılması Mətbuat şurası və Milli Teleradio Şurasına həvalə olunmuşdur.

Seminardan sonra PİA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend ə müsahibəsində imzalanmış memorandumu yüksək qiymətləndirdiyini bildirib.

Qeyd edək ki, seminarın sonuncu iş günündə "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin təmsilçiləri iştirak etməmişlər. Tədbirin təşkilatçıları memorandumun açıq olduğnu, istənilən KİV nümayəndəsinin münasib vaxtda sənədə imza ata biləcəyini vurğulamışlar.

Xatırladaq ki, üçgünlük seminara həmçinin, Avropa Şurası Media departamenti və ATƏT-in Bakı ofisi dəstək vermişlər.

Xəbər lenti

Xəbər lenti