...

QOBUSTAN QAPALI HƏBSXANASINDA CƏZA ÇƏKƏN BİR QRUP MƏHBUS YENİDƏN ACLIQ AKSİYASINA BAŞLADI

Cəmiyyət Materials 1 Avqust 2005 16:55 (UTC +04:00)

Avqustun 1-də Qobustan Qapalı Həbsxanasının 28 nəfər məhbusu yenidən aclıq aksiyasına başlayıb. Bu barədə Trend ə məlumat Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzindən daxil olub.

Aclıq aksiyasına başlayan məhbuslar həbsxanadakı dözülməz şəraitlə yanaşı konstitusyon hüquqlarının pozulmasını da iddia edirlər. Məhbuslar hesab edirlər ki, barələrində olan ömürlük həbs cəzası 15 illik həbs cəzası ilə əvəz edilməlidir.

Bununla bağlı məhbusların ölkə başçısına və hüquq müdafiə təşkilatlarına ünvanladıqları müraciətdə qeyd olunur ki, 10 fevral 1998-ci il tarixli Qanunla Azərbaycan Respublikasında ölüm cəzası ləğv edildkdən sonra qüvvədə olmuş və olan Beynəlxalq və Milli Qanunvericiliyə əsasən "cinayət törətdiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz".

O dövrdə tətbiq edilməli olan cəzaların ən yuxarı həddi həmin vaxt qüvvədə olan AR CM-nin 23-cü maddəsilə 15 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə kimi müəyyən edilib.

Ancaq 10 fevral 1998-ci il tarixli bu Qanun Azərbaycan Respublikasının tanıdığı beynəlxalq qanunlara, Azərbaycan Respublikasının Konstitusiyasına tamamilə zidd olaraq 128 nəfərə səhvən şamil edilib. Halbuki bu kateqoriyaya aid şəxslərin makimum cəzası 15 ilədək müddətə azadlıqdan məhrumetmə olmalı idi.

Məhbusların müraciətində daha sonra göstərilir ki, bununla bağlı əvvəllər də müxtəlif instansiyalara mürasiət ediblər. Ancaq müsbət nəticə əldə olunmadığı üçün iyunun 29-da aclıq aksiyasına başlayıblar və bu aksiya bir həftə davam edib.

Həbsxana rəisi Sədaqət Ağayev aksiyanın kütləvi hal aldığını gördükdə onun qarşısını almaq üçün məhbuslara təzyiqlər göstərib. Təzyiq vasitələrindən biri kimi də KİV-i seçib. Belə ki, həbsxana rəisi aksiya keçirənləri ictimaiyyət qarşısında gözdən salmaq məqsədilə müxtəlif mətbuat orqanlarında onlar haqqında xoşagəlməz müsahibələr verib.

Ölkə başçısına müraciətin sonunda qeyd olunur ki: "128 nəfər məhkumdan 32-si müxtəlif xəstəliklərə tutularaq dünyalarını dəyişiblər. Bir neçəsi isə əfv oulnub.

Qalan 87 məhbus 7 ildən artıqdır ki, çox ağır şəraitdə ömürlük həbsdə saxlanılır. Ağır və dözülməz saxlanma şəraiti biz məhkumları vadar edir ki, səsimizi Sizə və ictimaiyyətə çatdırmaq üçün yenidən aclıq aksiyasına başlayaq".

Xəbər lenti

Xəbər lenti