...

SİYASİ BLOKLARIN İŞIQLANDIRILMASINA DAİR KİV-LƏRDƏ MONİTORİNQ APARILIB

Cəmiyyət Materials 22 Avqust 2005 15:08 (UTC +04:00)

"Nəcəf Nəcəfov Fondu" bu il may ayından başlayaraq kütləvi informasiya vasitələrində (televiziya, radio və qəzet) seçki kampaniyasının aparılması ilə bağlı monitorinq keçirib. Trend in məlumatına görə, avqustun 22-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimat mərasimində monitorinqin iyul ayının yekunlarına dair hesabat barədə açıqlama verilib.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirib ki, "Nəcəf Nəcəfon Fondu" KİV-lərin seçki ərəfəsində necə işləməsi, seçki prosesini hansı şəkildə işıqlandırması, onların tərəfsizliyinin və obyektivliyinin səviyyəsi ilə bağlı monitorinq aparıb. L.Yunus qeyd edib ki, monitorinqin nəticəsi kimi hər bir ayın hesabatı hazırlanıb.

Monitorinqin məqsədi seçkinin işıqlandırılmasında KİV-lərin rolunu, təsirini öyrənmək, onların nə dərəcə tərəfsiz və obyektiv fəaliyyət göstərdiklərini qeydə almaq, bu orqanların köməkliyi ilə seçkilərin demokratik keçirilməsinə nail olmaq, bütün namizədlərin, maraqlı qrupların bu monitorinqin nəticələrindən bəhrələnib öz seçki kampaniyalarını daha düzgün qurmasına yardım etməkdir.

Qeyd edək ki, hesabatı açıqlanan iyul ayı ərzində seçki məsələləri ilə bağlı 5 radionun, 12 televiziya kanalının və 11 gündəlik qəzetin monitorinqi aparılıb. Radiolar-ANS ÇM, "Radio-Lider", "Radio-Space", 106 FM və "Radio-Antenn" dalğalarıdır. Televiziya kanallarından isə 5-i Bakıdan, 7-si bölgələrdən yayımlanan televiziyalardır.

Yekun hesabatda hər bir KİV-in iyul ayı ərzində siyasi bloklara ayırdığı vaxt, bu blokların lehinə, əleyhinə və tərəfsiz olmaqla işıqlandırması təsnifləşdirilib. AZ TV, Lider, Srace kanalları Yeni Azərbaycan Partiyası və ona yaxın blok və partiyaların əleyhinə heç bir süjet verməyib.

"Azadlıq", "YeS", "İctimai Liderlər" və digər blokların əleyhinə AZ TV istisna olmaqla, bütün kanallarda çoxsaylı süjetlər efirə gedib, lehinə isə ANS-də cəmi 76 saniyəlik süjetlər istina olmaqla heç bir material verilməyib.

Radiolarda "Antenn-FM" istisna olmaqla YAP və ona yaxın dairələr haqqında heç bir tənqidi material yayımlanmayıb, məlumatlar yalnız onların xeyrinə və tərəfsiz formada olub. "Azadlıq", "YeS", "İctimai Liderlər" və digər blokların isə lehinə radio dalğalarda heç bir material yayımlanmayıb.

Qəzetlərə gəldikdə, müxalifətin mətbu orqanlarında bu düşərgənin bloklarının əleyhinə heç bir yazı dərc edilməyib, iqtidaryönlü qəzetlərdə də hakimiyyət əleyhinə heç bir yazı qeydə alınmayıb. Müstəqil qəzetlərdə isə bütün siyasi blokların işıqlandırılmasına dair rəqəmlər müxtəlifdir.

Qeyd edək ki, Nəcəf Nəcəfov Fondunun monitorinq qrupu sentyabrdan başlayaraq KİV-lərdə siyasi reklamların monitorinqini aparacaq.

Xəbər lenti

Xəbər lenti