Mətbuat Şurası oktyabrın 17-də Bakıya gəlmək qərarını verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, eks-spiker Rəsul Quliyevin qarşılanma mərasimində kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin də iştirak etməsini nəzərə alaraq hüquq-mühafizə orqanlarına və KİV-ə müraciət ünvanlayıb. Bu barədə Trend ə Mətbuat Şurasından (MŞ) məlumat verilib.
MŞ ölkənin hüquq-mühafizə orqanlarına müraciət edərək KİV əməkdaşlarının hadisə yerində hüquqlarına hörmətlə yanaşmağa, onlara qarşı zor tətbiq etməməyə, informasiya toplamasına yardımçı olmağa çağırıb. MŞ eyni zamanda jurnalistlərə də tövsiyə edib ki, informasiya toplanması zamanı qanunvericilikdə onlara verilən səlahiyyətlər çərçivəsində hərəkət etsinlər, qarşıdurmaya səbəb ola biləcək heç bir hərəkətə yol verməsinlər.