...

Nazim İbrahimov: "Azərbaycanın Şimali Kirpin təcriddən çıxması üçün atdığı addımlar qardaş dəstəyi kimi qiymətləndirilməlidir"

Cəmiyyət Materials 20 Oktyabr 2005 17:00 (UTC +04:00)

Türkiyə Respublikasında səfərdə olan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qardaş ölkənin bir sıra kütləvi informasiya vastilələrinə müsahibələr verib. Dövlət Komitəsindən Trend ə verilən məlumata görə, Türkiyənin nüfuzlu "Türkiyə" qəzetinə müsahibəsində, eləcə də "SNN-TÜRK", "Star", TQRT, "SKY-TÜRK", "Tv-8" televiziya kanallarında canlı yayımla çıxışlarında Nazim İbrahimov Azərbaycan Respublikasının diaspor quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən danışıb. O, erməni lobbisinin Türkiyəyə və Azərbaycana qarşı apardığı tədbliğatın qarşısının alınması üçün iki ölkənin səylərinin birləşdirilməsinin zəruriliyini vurğulayıb.

N.İbrahimov Azərbaycanla Türkiyənin haqq səsinin bütün dünyaya çatdırılması üçün diaspor təşkilatlarının da üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. O qeyd edib ki, Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsinin zəruriliyini nəzərə alaraq, yaxın gələcəkdə Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərlərinin birgə forumunun keçirilməsi planlaşdırılır. N.İbrahimov Şimali Kirpin təcriddən çıxması üçün ölkəmizin atdığı addımların qardaş dəstəyi kimi qiymətləndirilməli olduğunu qeyd edərək, Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu söyləyib.

Dövlət Komitəsinin sədri jurnalistlərin Azərbaycandakı ictimai-siyasi proseslərlə bağlı suallarını da cavablandıraraq bildirib ki, bu gün respublikamızda davamlı siyasi sabitlik mövcuddur və bu, ölkənin sürətli iqtisadi inkişafını təmin edən əsas amillərdən biridir. Dövlət Komitəsinin sədri prezident İlham Əliyevin timsalında indiki hakimiyyətin siyasətinin əhalinin böyük əksəriyyəti tərəfindən dəstəkləndiyini və qarşıdan gələn parlament seçkilərinin demokratikliyinin təmin olunması üçün dövlət başçısı tərəfindən mühüm addımların atıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, qardaş ölkədə nəşr olunan "Hüriyyət", "Cümhuriyyət", "Sabah", "Akşam", qəzetləri və TRT televiziyası da müsahibə üçün N.İbrahimova müraciət edib. Səfər zamanı Dövlət Komitəsi sədrinin həmin kütləvi informasiya vasitələrinə də müsahibələr verəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti