...

Təhsil naziri tələbələrlə görüş keçirib

Cəmiyyət Materials 18 Noyabr 2005 17:38 (UTC +04:00)

Noyabrın 18-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüş keçirib. Trend məlumat verir ki, təhsil nazirinin görüşü tələbələrin təhsil sahəsində qarşılaşdıqları problemlərə həsr olunub.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsillə bağlı bir sıra addımlar atıb. Bilirsiniz ki, bu yaxınlarda tələbələrin təqaüdü 2,5 dəfə artırılıb. Bir qədər əvvəl Bakı Dövlət Universitetində dövlət hesabına təhsillə yanaşı pullu təhsil almaq sistemi də yaradılıb. Bu sistemin yaradılması tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi güdür. Bilmək istəyirəm ki, tələbələrimiz pullu xidmətdən büdcəyə daxil olan vəsaitdən yararlanırlarmı?" - deyə nazir bildirib.

Misir Mərdanov həmçinin tələbələrdən dövlət imtahanları, qış sessiya imtahanları zamanı hər hansı problemlə qarşılaşmaları ilə də maraqlanıb. "Mənim təhsillə və tələbələrlə bağlı qaldırdığım məsələlərə bəzi hallarda əməl olunmur. Bunun nəticəsində də mənə məlumatlar daxil olur ki, tələbələr gizli tələbə təşkilatları yaradırlar, siyasi aksiyalara qoşulurlar. Bu gün görüşün məqsədi BDU-da ədalət prinsiplərinin pozulması ilə bağlı tələbələrin iradları ilə tanış olmaqdır".

Sonra nazir təklif edib ki, qarşılaşdığı problemi tribunadan söyləyə bilməyən tələbə yazılı şəkildə də müraciət edə bilər. "Hətta siz problemlərinizi anonim şəkildə də yaza bilərsiniz. Əsas odur ki, problemi yaradanların adlarını konkret göstərəsiniz" - deyə nazir təklif edib.

Nazirin çıxışından sonra tələbələr çıxış edərək təhsildə üzləşdikləri problemlərdən danışıblar. Bildiriblər ki, gizli tələbə təşkilatlarının yaradılması, tələbələrdə meydanlara meyl yaradan əsas səbəb əksər hallarda müəllimlər tərəfindən rastlaşdıqları neqativ münasibət olur. Belə ki, bəzi hallarda imtahanlar zamanı ədalət prinsipləri müəllimlər tərəfindən pozulur. Tələbələr isə bu barədə uzaq rayonlarda yaşayan yaxınlarına məlumat vermək istəmirlər. Nəticədə yollar axtarmağa başlayırlar və əksər hallarda bu yollar gənc tələbələri meydanlara tərəf aparıb çıxarır.

Xəbər lenti

Xəbər lenti