...

Hamburqda Azərbaycan gecəsi keçirilib

Cəmiyyət Materials 24 Yanvar 2006 16:20 (UTC +04:00)

Almaniyanın Hamburq Federal Əyalətində təhsil alan tələbələrimiz və elmi tədqiqatla məşğul olan soydaşlarımız "Azərbaycanı təqdim edirik" devizi altında gecə keçiriblər. Trend "AzərTAc"-a istinadən xəbər verir ki, Hamburq Universitetində keçirilən gecəyə universitet rəhbərliyi, tələbələr, əyalət parlamentinin üzvləri, ictimaiyyətin və işgüzar dairələrin nümayəndələri, Hamburqda yaşayan, işləyən, təhsil alan soydaşlarımız dəvət olunub.

Gecədə "Azərbaycan Cənubi Qafqazın qabaqcıl ölkəsidir" mövzusunda məruzə edilib, müstəqil Azərbaycan dövlətinin tarixi, coğrafiyası, ərazisi, əhalisi, sərhədləri, dövlət quruluşu, dövlətçiliyinin inkişaf mərhələləri, ölkəmizin füsunkar təbiəti, zəngin yeraltı və yerüstü sərvətləri haqqında ətraflı məlumat verilib, xalqımızın milli dəyərlərə söykənən mədəni irsindən söhbət açılıb.

Azərbaycanın Avropa İttifaqının aparıcı dövlətlərindən biri olan Almaniya və digər dünya dövlətləri ilə siyasi, iqtisadi, mədəni əlaqələrindən, neft strategiyasının reallaşdırılmasından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və nəticələrindən ətraflı danışılıb, xəritələr və digər sənədlər nümayiş etdirilib.

Soydaşlarımız gecə iştirakçılarının diqqətini Azərbaycan xalqının tarix boyu qarşılaşdığı fəlakətlərə bir daha cəlb etmək məqsədi ilə 20 Yanvar faciəsi, Xocalı soyqırımı, qaçqın və məcburi köçkünlərimizin problemləri barədə audio-vizual materiallar nümayiş etdiriblər.

Xəbər lenti

Xəbər lenti