...

Ombudsman İnstitutu və İsveçin R. Vallenberq adına insan hüquqları və Humanitar Hüquq İnstitutu insan haqları sahəsində layihə həyata keçirir

Cəmiyyət Materials 26 Yanvar 2006 20:55 (UTC +04:00)

Ombudsman İnstitutu və İsveçin R. Vallenberq adına insan hüquqları və Humanitar Hüquq İnstitutu arasında əldə olunmuş razılığa əsasən insan haqları sahəsində layihə həyata keçirilir. Trend bildirir ki, bu layihənin ikinci mərhələsində məsləhətləşmələrin davam etdirilməsi məqsədilə bu institutun beynəlxalq eksperti, insan hüquqları sahəsində tanınmış avstraliyalı mütəxəssis Bill Çapmen Azərbaycanın insan hüquqları üzrə Müvəkkilinin Aparatında SIDA-nın maliyyə dəstəyi ilə üç həftəlik treninq-seminarlar keçirir.

Ombudsman Elmira Süleymanova qonağı salamlayıb, onun ölkəsinin milli bayramı- Avstraliya günü münasibətilə təbrik edib və onun simasında bütün Avstraliya xalqına sülh və əmin-amanlıq arzulayıb.

Ombudsman bildirib ki, Ermənistanın təcavüzü nəticəsində respublikamıza və xalqımıza ölçüyəgəlməz maddi və mənəvi ziyan dəyib, torpaqlarımızın 20%-i işğal olunub, bir milyon vətəndaşımız - ölkə əhalisinin hər səkkiz nəfərdən biri qaçqın və məcburi köçkünə çevrilib.O, həmçinin 20 yanvar faciəsi barədə müfəssəl məlumat verib. B. Çapmen Azərbaycan haqqında məlumatları diqqətlə dinləyib, Ümumxalq hüzn günü ilə bağlı başsağlığı verib.

Beynəlxalq ekspert Ombudsmana ölkəsinin və xalqının ünvanına xoş sözlər söylədiyinə görə təşəkkürünü bildirib, xüsusilə qeyd edib ki, o, bir neçə dəfə səfər etdiyi Azərbaycanı, xalqın qonaqsevərliyini, səmimiliyini çox sevir. O, ölkəmizdə aparılan demokratikləşdirmə, hüquq islahatlarını yüksək qiymətləndirib və qeyd edib ki, insan hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılıb.

Qonaq Ombudsman İnstitutunun fəaliyyətini də təqdir edib.

Ombudsman qonağa xatirə hədiyyələri təqdim edib və onu bir daha ölkəsinin milli bayramı münasibətilə təbrik edib. Beynəlxalq ekspertə həmçinin Qarabağa aid kitablar təqdim edilib.

Xəbər lenti

Xəbər lenti