...

Gürcüstanın Apellyasiya Məhkəməsi 7 nəfər azərbaybaycanlının barəsində həbs qərarını qüvvədə saxlayıb

Cəmiyyət Materials 3 Mart 2006 17:12 (UTC +04:00)

Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli rayonunun Dəmyə Görarxı kəndində fevralın 22-də keçirilmiş etiraz aksiyası zamanı həbs olunanların apellyasiya şikayətinə Tbilisidə Apellyasiya Məhkəməsində baxılıb. Bu barədə Trend ə Gürcüstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov məlumat verib. O, bildirib ki, martın 2-də keçirilən Apellyasiya Məhkəməsinin iclasında Marneuli rayonunun məhkəməsinin çıxardığı həbs qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Dəmyə Görarxı kəndinin sakinləri torpaq problemlərinin həll edilməməsinə etiraz olaraq fevralın 22-də Tbilisi-Yerevan yolunu bağlayıb. Hökumət nümayəndələrinin verdiyi vədlərə inanmayan əhali yolu saatlarla bağlı saxlayıb. Əlibala Əsgərovun sözlərinə görə, Dəmyə Görarxı sakinlərinin aksiyasının dağıdılması zamanı gözyaşardıcı qazdan, dəyənəklərdən istifadə edilib, əhaliyə qarşı zorakılıq göstərilib, 16 nəfər həbs olunub. Marneuli rayon məhkəməsi 48 saat keçdikdən sonra həbs olunanlardan 9 nəfərini 2 min və 3 min lari girov qoyulması müqabilində növbəti məhkəməyə qədər azadlığa buraxıb. Digər 7 nəfərin barəsində isə 2 aylıq həbs qərarı çıxarılıb. Buna etiraz edən digər aksiya iştirakçıları həmin qərardan Apellyasiya Məhkəməsinə şikayət veriblər.

Əlibala Əsgərov deyib ki, Apellyasiya Məhkəməsinin qərarı ilə 7 nəfərin barəsindəki 2 aylıq həbs cəzası qüvvədə saxlanılıb. Onun sözlərinə görə, həmin kənd sakinləri iki aydan sonra məhkəmə qərarı ilə ya azadlığa buraxılacaq ya da yenidən həbsdə saxlanılacaq. Gürcüstandakı Azərbaycan təşkilatının rəhbəri onu da bildirib ki, həbsdə saxlanılanlar arasında yaşlı, xəstə insanlar var. Ə.Əsgərov Dəmyə Görarxı kəndində vəziyyətin hələ də gərgin olaraq qaldığını deyib.

Xəbər lenti

Xəbər lenti