...

Hana Sinqer: UNİCEF-dən Azərbaycana gətirilmiş qızılca və məxmərək əleyhinə peyvəndlər beynəlxalq standartlara uyğundur

Cəmiyyət Materials 3 Mart 2006 20:10 (UTC +04:00)

Qızılca və məxmərək əleyhinə kütləvi immunlaşdırma kampaniyası çərçivəsində Azərbaycana gətirilmiş peyvəndləri dünyanın bu peyvəndin üç istehsalçısından biri olan "Serum Institute of India" şirkəti istehsal edir. UNICEF yalnız ÜST-nin texniki şərtlərinə müvafiq olaraq ilkin qiymətləndirilmiş və beynəlxalq standartlara uyğun olan peyvəndləri alır. Trend bildirir ki, BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Hana Sinqer bu barədə bəyan edib.

Onun sözlərinə görə, son illərdə Hindistandan gətirilmiş peyvəndlər bir sıra digər ölkələrdə də istifadə olunub: Qırğızıstan (2002), Tacikistan (2005), Qazaxıstan (2005), Moldova (2002), Şri Lanka, Tunis, Nikaraqua, Cənubi Koreya və 2003-cü ildə İranda böyük immunlaşdırma kampaniyası keçirilib və nəticədə 30 mln. nəfər peyvənd olunub.

"UNICEF həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkə istehsalçılarının peyvəndlərini alır. Amma hər bir məhsul ilk növbədə ÜST və UNICEF-in standartlarına müvafiq olmalıdır. ÜST və UNICEF artıq 30 ildən artıqdır ki, peyvəndlər alır və artıq 10 ildən artıqdır ki, peyvəndləri inkişaf etməkdə olan ölkələrdən alır"-deyə H. Sinqer bildirib və xatırladıb ki, Azərbaycanda müstəqillik əldə olunduqdan sonra ÜST və UNICEF kimi beynəlxalq təşkilatların dəstəyilə bir sıra uğurlu immunlaşdırma kampaniyaları keçirilib.

Onun sözlərinə görə, UNICEF inkişaf etməkdə olan ölkələr üçün 2,5 mln. dollar dəyərində 40%-dək peyvənd əldə edir. 2002-ci ildə Azərbaycanda poliomielitin aradan qaldırılması mümkün olub.

Qeyd edək ki, fevralın 27-də Azərbaycanda başlanmış və martın 13-dək davam edəcək kütləvi immunlaşdırma kampaniyası çərçivəsində bütün ölkə üzrə təxminən 3 mln. uşaq və 7 yaşından 23 yaşadək gənc, eləcə də Bakıda 7 yaşdan 29 yaşadək əhali peyvənd ediləcək.

Vişnevski-Rostropoviç Fondu(FVR), ÜST, UNICEF və Azərbaycanın səhiyyə Nazirliyinin dəstəyilə keçirilən peyvənd 2010-cu ilədək Avropa regionu ərazisində qızılca və anadangəlmə məxmərək sindromunun ləğv edilməsi üzrə aparılan strategiyanın əsas tərkib hissəsidir.

Xəbər lenti

Xəbər lenti