...

"Azadlıq" qəzetinin əməkdaşına basqınla əlaqədar Səbail rayon Polis İdarəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 6 Mart 2006 17:32 (UTC +04:00)

Martın 5-də "Azadlıq" qəzetinin əməkdaşı Fikrət Hüseynliyə qarşı edilmiş basqınla əlaqədar Səbail rayon Polis İdarəsində cinayət işi başlanıb. Trend xəbər verir ki, bu barədə martın 6-da "Azadlıq" qəzetinin redaksiyasında keçirilmiş mətbuat konfransında Azərbaycan Mətbuat Şurasının nümayəndəsi İbrahim Məmmədli məlumat verib.

Onun sözlərinə görə, martın 5-də axşam saat 22.00 radələrində Patamdar qəsəbəsində 3 nəfər naməlum şəxs jurnalistin başına küt alətlə zərbə endirib.

"Nəticədə F.Hüseynli huşunu itirib. Həmin şəxslər onu huşsuz vəziyyətdə "Jiquli" markalı avtomobilə oturdaraq "köhnə avtovağzal" kimi tanınan əraziyə gətiriblər. Orada jurnalisti maşından düşürərək boğaz nahiyəsinə bıçaqla zərbə endiriblər və onu həmin əraziyə atıblar. Özləri isə avtomobilə minərək ərazidən uzaqlaşıblar" - deyə İ.Məmmədli qeyd edib.

İ.Məmmədlinin sözlərinə görə, ərazidən keçənlər F.Hüseynlini yaralı vəziyyətdə görərək onu M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına götürüblər. Tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb. Lakin xəsarət boğaz nahiyəsindən yetirildiyi üçün F.Hüseynliyə ətrafdakılarla çox ünsiyyətdə olmağa icazə verilmir.

"Hazırda Səbail rayon Polis İdarəsinin müstəntiqi Fikrət Hüseynlinin evindədir və imkan daxilində ondan baş vermiş hadisə ilə əlaqədar izahat almağa çalışır" - deyə İ.Məmmədli söyləyib.

Faktla bağlı çoxsaylı versiyalar irəli sürülsə də hələlik onlardan heç biri təsdiqini tapmayıb.

Xəbər lenti

Xəbər lenti