...

Əlibala Əsgərov: "Gürcüstanda yaşayan azərbaycanlılara torpaq paylanması qanunvericiliyə uyğun aparılmır"

Cəmiyyət Materials 6 Mart 2006 18:54 (UTC +04:00)

"Gürcüstanda yaşayan azərbaycanlılara torpaq paylanması bu ölkənin qanunvericiliyinə uyğun aparılmır. Ona görə də torpaqların azərbaycanlılar yaşayan kəndlərin hamısına paylanılıb-paylanmayacağı məlum deyil". Bu fikirləri Trend ə açıqlamasında Gürcüstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov bildirib.

O, qeyd edib ki, Gürcüstanın Qardabani rayonundan başlanan torpaq paylanması prosesi Marneuli rayonunda da davam etdirilib. Lakin sakinlərə əlavə torpaq sahələrinin verilməsi Gürcüstan qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilmir: "Buna görə də bu işin özündə bir müəmmalıq var. Yəni, əlavə torpaqların hamıya verilib-verilməyəcəyi sual altındadır. Gürcüstan hökumətinin yetkililərinin verdiyi məlumata görə, Borçalı bölgəsinin, yəni, azərbaycanlılar yaşayan rayonların bütün kəndlərinə torpaq paylanacaq. Ancaq rəqəmlər bu və ya digər kəndlərdə müxtəlif olacaq. Çünki əlavə torpaq sahələri hər bir kəndin öz sahəsinə, relyefinə uyğun olaraq veriləcək"-deyə Ə.Əsgərov bildirib.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Gürcüstan üzrə şöbəsinin müdir müavini Füzuli Nəcəfov bildirib ki, ayrılan torpaq sahələri azərbaycanlı sakinlərin sayına uyğun olmalıdır. Amma bu meyar nəzərə alınmadığından hazırda az miqdarda paylanan torpaq sahələri Gürcüstan azərbaycanlılarını qane etməyəcək. F.Nəcəfov onu da deyib ki, bu yaxınlarda yaradılacaq Azərbaycan-Gürcüstan hökumətlərarası İşçi Qrupunun proqramında Gürcüstanda yaşayan azərbaycanlıların torpaq problemlərinin həlli ilə bərabər istehsalat müəssisələrinin yaradılması təklifləri də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti