...

Aprelin 13-də Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov barədə Budapeşt məhkəməsi tərəfindən hökm çıxarılacaq

Cəmiyyət Materials 7 Mart 2006 16:29 (UTC +04:00)

Aprelin 13-də Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov barədə Budapeşt məhkəməsi tərəfindən hökm çıxarılacaq. Bu barədə Trend ə R.Səfərovun hüquqi nümayəndəsi Adil İsmayılov məlumat verib.

A.İsmayılovun sözlrinə görə, martın 7-də davam edən məhkəmə iclasında növbəti dəfə ekspertlərin rəyi dinlənilib. "Məhkəmə iclasına ekspertlər dəvət olunmuşdu. Ekspertizanın rəyi elan edildi. Məlum olduğu kimi, R.Səfərovun psixoloji durumu ilə əlaqədar əvvəl də 3 dəfə ekspertiza təyin edilmişdi və hər 3 halda rəylər bir-biri ilə ziddiyyət təşkil edirdi. Bu dəfə isə ekspertlər birinci ekspertiza rəyini təsdiq etdilər. Həmin rəydə qeyd olunurdu ki, Ramil Səfərov həm hadisə baş verən vaxt, həm də indiki vəziyyətində anlaqlı hesab edilir. İkinci ekspertiza rəyini verən ekspert də məhkəmədə iştirak edirdi. Həmin rəylə R.Səfərov orta anlaqlı hesab olunurdu. Lakin üçüncü ekspertiza rəyini verən ekspertlər məhkəməyə dəvət olunmamışdı. Qeyd edim ki, üçüncü rəydə Ramil Səfərov həm hadisə baş verərkən, həm də indiki vəziyyətdə tam anlaqsız hesab edilirdi və hakim bu rəyi qəbul etməmişdi" - deyə A.İsmayılov söyləyib.

Vəkilin sözlərinə görə, məhkəmə iclasında ekspertiza rəyləri arasındakı ziddiyyətlər araşdırılıb və hakim R.Səfərovun həm hadisə vaxtı, həm də indiki vəziyyətdə tam anlaqlı olması barədə rəyi qəbul edib. Daha sonra hakim məhkəmə iclasını yekunlaşdırmaq istəməsi barədə tərəflərə müraciət edib. "Ramilin Budapeştdəki vəkili isə hakimin nəzərinə çatdırdı ki, çıxışlara hazır deyil və bəzi sənədləri əldə etməlidir. Bu səbəbdən də hakim məhkəmənin növbəti iclasını aprelin 4-nə və 13-nə təyin etdi. Bildirdi ki, aprelin 13-də çıxışlar olacaq və hökm elan ediləcək" - deyə A.İsmayılov qeyd edib.

Qeyd edək ki, Ramil Səfərov Ermənistan Silahlı Qüvvələrinin zabiti Qurgen Markaryanı öldürməkdə təqsirli bilinir.

Xəbər lenti

Xəbər lenti