...

Nuşirəvan Məhərrəmli: Milli Teleradio Şurası bundan sonra hesabat xarakterli konfranslar keçirməyəcək

Cəmiyyət Materials 11 Mart 2006 13:03 (UTC +04:00)

Milli Teleradio Şurası bundan sonra fəaliyyətinə dair hesabat xarakterli konfranslar keçirməyəcək. Bu barədə Trend ə Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

Qeyd edək ki, ötən ay Milli Teleradio Şurasının 2005-ci ilə dair hesabat konfransının keçirilməsi nəzərdə tutulmuşdu, lakin bu tədbir təxirə salındı: "Hesabat tədbirləri sovet dövründən qalma ənənədir, biz fəaliyyətimizi bu istiqamətdə qurmaq istəmirik. Teleradio Şurası mütəmadi olaraq konfranslar keçirib ictimaiyyətə məlumatlar verir. Bundan sonra yalnız zəruri hallarda, iclaslar keçirib qərarlar qəbul edəndə KİV-lər üçün məlumatlar yayacaq, mətbuat konfransları keçirəcəyik" - deyə N.Məhərrəmli bildirib.

O, həmçinin qeyd edib ki, Teleradio Şurası televiziya kanallarının monitorinqini davam etdirir. N.Məhərrəmlinin sözlərinə görə, telekanallarda "Teleradio Yayımı haqqında" qanunun pozulması faktları azalıb: "Amma kanallar bizdən xahiş edirlər ki, "Teleradio Yayımı haqqında" qanunun reklam haqqında müddəalarına yenidən baxılsın.

Telekanallarda gedən bəzi verilişlərdə gizli reklamlar aşkarlanır, lakin kanallar bunların maarifçilik proqramları olduğunu iddia edirlər. Buna görə də şura gizli reklam vermələrinə görə onları cəzalandıra bilmir".

N.Məhərrəmlinin sözlərinə görə, Teleradio Şurasında xüsusi ekspert qrupunun yaradılması ilə bağlı Nazirlər Kabinetinə təkliflər verilib. Çünki mütəxəssislər televiziya proqramları üzərində ekspertizalar apararsa, gizli reklamlar da aşkarlanar və ekspert qrupunun rəyi əsasında telekanallara qarşı tədbirlər görülə bilər.

Xəbər lenti

Xəbər lenti