...

Diaspor təşkilatlarımız Qırğızıstan və Tacikistanda Azərbaycan səfirliyinin açılmasını təklif edir

Cəmiyyət Materials 15 Mart 2006 19:57 (UTC +04:00)

"Qırğızıstandan gəlmiş nümayəndə heyətinin əsas məqsədi odur ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bir-birilərini tanısın, əməkdaşlıq etsin, birlik və həmrəyliklərini artırsınlar". Trend in məlumatına görə, bu fikirləri Dünya azərbaycanlılarının ikinci qurultayında iştirak üçün Bakıya gəlmiş Qırğızıstan Azərbaycanlıları İctimai Birliyinin vitse-prezidenti V.Həsənoğlu bildirib. Qırğızıstanın dövlət katibinin də daxil olduğu nümayəndə heyəti konret təkliflərlə çıxış etmək niyyətindədir.

"Biz istəyirik ki, Azərbaycanın Qırğızıstanda səfirliyi açılsın. Həmçinin repressiyalara məruz qalmış və Orta Asiya ölkələrinə sürgün edilmiş azərbaycanlılarla sıx əlaqə qurulsun. Biz xahiş edirik ki, Azərbaycan Respublikasının prezidenti, Milli Məclisi sürgünə məruz qalmış həmin azərbaycanlılara status versin". Diaspor qurumunun rəhbəri qeyd edib ki, Qırğızıstanda azərbaycanlıların mədəni muxtariyyəti, təşkilatları, məscidi, məktəbi və musiqi dərnəkləri də var.

Tacikistanda yaşayan müstəqil jurnalist Amaliya Hacıyeva isə Azərbaycanla bağlı məlumatlar ala bilməmələrindən şikayətlənib. O deyib ki, Qarabağ müharibəsi ilə bağlı Tacikistanda düzgün məlumatlar yoxdur, azərbaycanlıların deyil, ermənilərin guya təcavüzə qaldığını düşünənlər var: "Azərbaycanla Tacikistan arasında əlaqələr demək olar ki sıfıra bərabərdir, heç bir sahədə münasibətlər yoxdur. Buna görə də Tacikistanda Azərbaycanın rəsmi nümayəndəliyi açılmalıdır. Bu, tarixi vətənimizin təmsilçiləri ilə əlaqələr qurmağımız bizim üçün çox faydalı olardı. Bu məqsədlə biz Tacikistanın mədəniyyət nazirinin müavini İbrahim Usmanovu da özümüzlə Bakıya gətirmişik ki, ən azı mədəniyyət sahəsində ölkələr arasında əməkdaşlıq qurulsun. Taciklər Azərbaycan mədəniyyətini çox sevirlər, amma əfsuslar olsun ki, dövlətlərarası münasibətlər arzuolunan səviyyədə deyil" - deyə A.Hacıyeva vurğulayıb.

Xəbər lenti

Xəbər lenti