...

Nizami Rayon İcra Hakimiyyətinin 3 əməkdaşı haqqında məhkəmə hökmü çıxarılıb

Cəmiyyət Materials 17 Mart 2006 18:11 (UTC +04:00)

Martın 17-də Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsi tərəfindən Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının həbs etdikləri Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyətinin 3 əməkdaşı barədə hökm çıxarılıb. Trend xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında İcra hakimiyyətinin sabiq əməkdaşları dələduzluq əməllərində təqsirləndiriliblər.

İcra Hakimiyyətinin aparıcı memarı Kamil Məmmədov, referenti Emil Cəfərov və mühafizəçisi Sərdar Məmmədov vətəndaş Zülfüqar İsmayılovdan külli məbləğdə pul almaqla guya sonuncuya torpaq sahəsi əldə etməkdə qanuni yolla kömək göstərəcəklərini bildiriblər. Bu yolla vətəndaşdan 10.200 ABŞ dolları alınıb və əlavə 18.500 ABŞ dollar tələb olunub. Lakin İcra Hakimiyyəti işçilərinin hərəkətlərindən şübhələnən vətəndaş onların hərəkətləri barədə Milli Təhlükəsizlik Nazirliyinə məlumat verib.

Məhkəmə yolu ilə ittihamlar təsdiqini tapıb. Məhkəmə təqsirləndirilən şəxslərin ilkin məhkumluğunu, öhdələrində azyaşlı övladlarının olmasını, alınmış məbləğin istintaq orqanına təhvil verilməsini cəza təyin edilərkən yüngülləşdirici hal kimi qiymətləndirib. Buna əsasən, təqsirləndirilənlərin hər biri 3 il müddətinə şərti azadlıqdan məhrum edilərək məhkəmə zalından azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti