...

Ali Məhkəmənin plenumu keçirilib

Cəmiyyət Materials 30 Mart 2006 12:14 (UTC +04:00)

Martın 30-da Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu keçirilib. Trend in xəbərinə görə, bu barədə Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev plenum iştirakçılarının nəzərinə çatdırıb ki, Prezident İlham Əliyevin fərmanına uyğun olaraq regionlarda yeni apellyasiya və iqtisad məhkəmələrinin yaradılması ölkədə məhkəmə-hüquq islahatlarının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Yeni hakimlər korpusunun yaradılması sahəsində hüquqi-təşkilati tədbirlər uğurla həyata keçirilməkdədir. Məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərən hüquqi, dünyəvi və demokratik dövlətin fəaliyyət göstərməsinə xidmət edir.

R.Rzayev həmçinin Ali Məhkəmənin fəaliyyətinin hüquqi, təşkilati, maddi-texniki, maliyyə və təsərrüfat təminatını həyata keçirmək üçün Ali Məhkəmə Aparatı strukturunun yenidən təşkili ilə əlaqədar görülmüş tədbirlər barədə məlumat verib.

Plenumda "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında qərar qəbul edilib.

Həmçinin Plenumda 19 yanvar 2006-cı il tarixli Prezident Fərmanına uyğun olaraq "Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatı haqqında Əsasnamə" müzakirə olunaraq qəbul edilib.

Plenumun işində Baş prokuror Zakir Qaralov və onun müavini Eldar Nurniyev, ədliyyə nazirinin müavini Toğrul Musayev, Prezident Aparatının məsul işçisi Çingiz Əsgərov iştirak edib.

Xəbər lenti

Xəbər lenti