...

Sabiq OMON-çunun məhkəməsi başlayıb

Cəmiyyət Materials 30 Mart 2006 12:53 (UTC +04:00)

Martın 30-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Ənvər Seyidovun sədrliyi ilə sabiq OMON-çu Rövşən Əliyevin məhkəməsi başlanıb. Trend xəbər verir ki, Rövşən Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.3 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratmaq) maddəsi ilə təqsirnləndirilir.

İbtidai istintaq yolu ilə müəyyən edilib ki, R.Əliyev 1991-ci ildə Ağdam rayon Polis Şöbəsinin post-patrul xidmətində polis nəfəri işləyib. 1992-ci ildə isə Rövşən Cavadovun başçılıq etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinə (OMON) üzv olub. 1995-ci ilin mart ayına qədər OMON tərkibində Qarabağ döyüşlərində vuruşmaqla yanaşı 1995-ci ilin mart ayında OMON-çular tərəfindən Bakı şəhərində törədilmiş silahlı toqquşmalarda da iştirak edib.

OMON dəstəsinin zərərsizləşdirilməsindən sonra isə həbs olunacağından ehtiyatlanan Rövşən Əliyev Rusiya Federasiyasına qaçıb və 12 il orada gizli şəkildə yaşayıb. Ötən müddət ərzində isə Azərbaycanın daxili işlər orqanları tərəfindən həbsli axtarışda olub. 2005-ci ilin dekabr ayında o, Rusiyadan Ağdam Rayon Polis Şöbəsinin rəisi Şahin Məmmədova zəng vuraraq Azərbaycana qayıtmaq və könüllü şəkildə istintaq orqanlarına təslim olmaq istədiyini bildirib. Bundan sonra əməliyyat qrupu RF-nin Kemerovo vilayətinə gedərək sabiq OMON-çu ilə "Zarya" mehmanxanasında görüşüblər və onu Azərbaycana gətirərək istintaq orqanlarına təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti