...

Azərbaycanlıların Soyqırımı günü ilə bağlı dünyanın müxtəlif ölkələrində mitinqlər keçirilib

Cəmiyyət Materials 1 Aprel 2006 11:58 (UTC +04:00)

31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar dünyanın müxtəlif ölkələrində aksiyalar, konfranslar, anım tədbirləri keçirilib. Trend in məlumatına görə, MDB və Avropa ölkələrində, Rusiya Federasiyasında, Orta Asiya respublikalarında, ABŞ, Kanada, Avstraliya və digər ölkələrdə elmi-praktik konfranslar təşkil olunub. Soydaşlarımız paytaxt Ottava şəhərində Kanada Parlamentinin, UNESKO-nun və Ermənistanın Kanadadakı səfirliyinin qarşısında etiraz aksiyaları keçiriblər.

Soyqırımın 88-ci ildönümü ilə bağlı Azərbaycanın İspaniya Krallığındakı səfirliyində də tədbir keçirilib. İspaniyada yaşayan Azərbaycan və türk diasporlarının, həmçinin ictimaiyyətin və mətbuat nümayəndələrinin iştirakı ilə keçən mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin soyqırımla bağlı müraciəti oxunub. Toplantı iştirakçılarına azərbaycanlıların soyqırıma məruz qalması barədə geniş məlumat verilib və qanlı faciəni əks etdirən materiallar təqdim olunub.

Martın 31-də İsveçin Stokholm şəhərində də mitinq keçirilib, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım aktlarına etiraz ifadə edən şüarlar səsləndirilib və beynəlxalq təşkilatlara müraciət qəbul olunub. Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi meydanlarından olan Boqdan Xmelnitski meydanında Azərbaycanlıların Soyqırımı günü ilə bağlı aksiyası düzənlənib. Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna Azərbaycanlıları Konqresinin birlikdə təşkil etdiyi tədbirdə yerli kütləvi informasiya vasitələrinə ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror və soyqırım aktları ilə bağlı məlumat verilib.

Etiraz aksiyaları və digər tədbirlər Estoniyanın Tallin, Türkiyənin İstanbul, Ankara, Adana, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay, Yaponiyanın Osaka, Avstraliyanın Kanberra, Sidney şəhərlərində də keçirilib. Keçirilən aksiya və anım tədbirlərinin hər birində azərbaycanlıların soyqırımını əks etdirən fotoşəkillər və digər materiallar nümayiş olunub, erməni vəhşilikləri pislənilib və beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

Xəbər lenti

Xəbər lenti