...

Binəqədi rayon Məhkəməsində Vəkillər Kollegiyasının iddiasına baxılacaq

Cəmiyyət Materials 2 May 2006 12:54 (UTC +04:00)

Mayın 8-də Bakı şəhəri, Binəqədi rayon Məhkəməsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) vəkil Eldar Qurbanova qarşı iddiasına baxılacaq. Bu barədə Trend ə VK-nın sədr müavini Fərhad Nəcəfov məlumat verib.

F.Nəcəfov bildirib ki, vəkil Eldar Qurbanov barədə Vəkillər Kollegiyasına çoxsaylı şikayətlər daxil olub və həmin vəkilin fəaliyyəti araşdırılıb. "Onun barəsində Kollegiyaya daxil olmuş çoxsaylı şikayətlər əsasında VK-nın 5 rəyi olub. Bu şikayətlər həm vətəndaşlardan, həm də məhkəmələrdən daxil olub. Şikayətlərdə əsasən vəkil tərəfindən məhkəmə iclaslarının işini pozması, vətəndaşları süründürməçiliyə məruz qoyması göstərilib. VK Rəyasət heyəti vəkili dəfələrlə xəbərdarlıq edib. Bu xəbərdarlıqlardan müsbət nəticə əldə olunmadığına görə qərara alınıb ki, Eldar Qurbanov vəkillikdən xaric edilsin" - deyə F.Nəcəfov bildirib.

VK Eldar Qurbanovun vəkillik fəaliyyətinə xitam verilməsinə dair qərarı məhkəməyə təqdim edib. İş materialları Binəqədi rayon Məhkəməsinin hakimi Zoya Əliyevanın icraatına verilib.

Xəbər lenti

Xəbər lenti