...

Ukrayna Azərbaycanlıları Konqresinin növbədənkənar hesabat-seçki konfransı keçiriləcək

Cəmiyyət Materials 2 May 2006 17:38 (UTC +04:00)

Bu il iyun ayının 28-də Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) növbədənkənar hesabat-seçki konfransı keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Aprelin 28-də isə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Oqtay Əfəndiyevin sədrliyi ilə UAK Məclisinin iclası keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin əməkdaşlarının iştirak etdiyi iclasda cari il mart ayının 16-da Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayının nəticələri müzakirə edilib. Qeyd olunub ki, Azərbaycan Respublikası prezidentinin qurultaydakı nitqi, habelə bu ali forumun qəbul etdiyi qərarlar xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin vahid məqsəd ətrafında birləşdirilməsi prosesinə təkan verib, soydaşlarımız arasında milli birliyin daha da möhkəmləndirilməsinə zəmin yaradıb.

Qurultay həmçinin xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, icma və birliklərin vahid məqsəd ətrafında birləşdirilməsi prosesinin daha da təkmilləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması kimi mühüm məsələlərin həllini diaspor təşklatlarının qarşısında əsas vəzifə kimi qoyub. Bütün bunları nəzərə alaraq, Ukraynada Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılılması UAK-ın fəaliyyət proqramının əsas hissəsi olacaq.

UAK-ın Məclisində Xarkovda fəaliyyət göstərən bir neçə Azərbaycan icmasının vahid təşkilatda birləşməsi də təqdir olunub, bu prosesin daha sistemli xarakter alması üçün təşkilatın bu sahədəki fəaliyyətinin genişləndirilməsinə ehtiyac olduğu vurğulanıb. Məclis üzvləri hazırkı dövrdə UAK-ın qarşısında duran məqsəd və vəzifələr, regional təşkilatların fəaliyyətinin gücləndirilməsi, onlar arasında əlaqələrin təkmilləşdirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparıblar. UAK Məclisinin iclasında təşkilatın qarşısında duran problem və vəzifələri, bir sıra təşkilati məsələləri müzakirə etmək məqsədilə növbədənkənar hesabat-seçki kofransının keçirilməsi barədə qərar qəbul edilib. Məclis üzvlərinin yekdil rəyin əsasında hesabat-seçki kofransının 2006-cı ilin iyun ayının 28-dək keçirilməsi qərara alınıb. Konfransda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun da iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti