...

Məhkəmə Hüquq Şurası 10 hakimi intizam məsuliyyətinə cəlb edib

Cəmiyyət Materials 2 May 2006 18:30 (UTC +04:00)

Mayın 2-də Məhkəmə Hüquq Şurasının növbəti iclasında Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının sədri Asif Allahverdiyevin intizam məsuliyyətinə cəlb olunması və kollegiya sədri vəzifəsinin icrasından azad edilməsi barədə qərar çıxarılıb. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Şuranın iclasında həmçinin işdə nöqsanlara yol veridklərinə görə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimləri Həsən Əhmədovun və Azər Orucovun intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə də baxılıb və müvafiq qərar çıxarılıb. Şura ümumilikdə 10 hakimin intizam məsuliyyəti məsələsini müzakirə edib. Bundan əlavə iclasın işində hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydası haqqında təlimat layihəsi də müzakirə olunub. Nəzərə çatdırılıb ki, qiymətləndirmə aparılarkən peşəkarlıqla yanaşı, yüksək insani keyfiyyətlər, o cümlədən mənəvi təmizlik, ədalətlilik və qərəzsizlik kimi meyarlar da əsas götürülməlidir.

İclasda həmçinin Ədliyyə Nazirliyi tərəfindən keçirilmiş məhkəmə monitorinqlərinin nəticələrinə də baxılıb. Qeyd olunub ki, monitorinqlər zamanı hakimlər tərəfindən yol verilmiş çoxsaylı nöqsanlar qeydə alınıb. Belə ki, bir sıra hakimlər hələ də qanunun tələblərinə məhəl qoymayaraq məhkəmə iclaslarına xüsusi geyimdə çıxmırlar. İclasları iclas zalında deyil, aşkarlıq prinsipini pozmaqla xidməti kabinetlərində keçirirlər. Təəssüflə vurğulanıb ki, bu hallar məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirir.

Xəbər lenti

Xəbər lenti