...

"Azərbaycan mediasının bu günü və perspektivləri" mövzusunda dəyirmi masa keçirilib

Cəmiyyət Materials 3 May 2006 17:53 (UTC +04:00)

Mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar "Park-İNN" otelində "Azərbaycan mediasının bu günü və perspektivləri" mövzusunda dəyirmi masa keçirilib. Trend in məlumatına görə, Milli Televiziya və Radio Şurasının Mətbuat Şurası ilə birgə təşkil etdiyi tədbirdə qəzet redaktorları, KİV rəhbərləri, ekspertlər Azərbaycan mediasının inkaşaf yolları, problemləri, gələcək perspektivləri barədə çıxışlar ediblər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Mətbuat Azadlığı Gününün tarixi barədə məlumat verib, onun ayrı-ayrı ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunmasından danışıb. Bildirib ki, BMT tərəfindən 1993-cü ildə 3 may tarixinin Mətbuat Azadlığı Günü kimi qeyd olunması barədə qərar çıxarılıb. Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli KİV-lərin cəmiyyətdə yerinin və rolunun artdığını, bu səbəbdən onların üzərinə böyük məsuliyyət düşdüyünü deyib. O, bildirib ki, bəzi beynəlxalq təşkiltaların tələblərinə uyğun olaraq Azərbaycanda jurnalistlərin böhtana görə cinayət məsuliyyətinə cəlb olunmasını aradan qaldırmaq hələ tezdir, çünki ölkəmizdə "reket jurnalislər" problemi hələ həllini tapmayıb. Onun fikrincə, mədəniyyət kanalının açılması təklifini də gündəmdə saxlamaq lazımdır.

İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli bildirib ki, "Freedem Hause" təşkilatının hesabatında Milli Teleradio Şurasının, İTV-nin və Mətbuat Şurasının qeyri-müstəqil, iqtidardan asılı olması barədə fikirlər qərəzlidir. O, Azərbaycanda media ilə bağlı mükəmməl qanunvericilik bazası olduğunu da vurğulayıb. AzTV-nin redaktoru Qulu Məhərrəmli mətbuatın durumundan danışarkən dövlət tərəfindən qəzetlərin borclarının bağışlanmasını, onlara kreditlər verilməsini müsbət hal kimi qiymətləndirib. Eyni zamanda qəzetlərin maliyyə problemlərinin olduğunu, onların tirajlarının azlığını və ictimai fikri formalaşdıra bilmədiyini deyib.

Digər çıxışçılar da medianın bu günkü vəziyyəti, söz azadlığının durumu barədə fikirlərini bölüşüblər.

Xəbər lenti

Xəbər lenti