...

Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Tbilisidə Şuşanın işğalının 14-cü ildönümünə həsr olunmuş konfrans keçirib

Cəmiyyət Materials 8 May 2006 13:34 (UTC +04:00)

Tbilisidə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının təşkilatçılığı ilə mayın 8-də Gürcüstanın paytaxtı Tbilisidə Şuşa şəhərinin ermənilər tərəfindən işğal edilməsinin 14-cü ildönümünə həsr olunmuş konfrans keçirilib. Trend in məlumatına görə, toplantıda Gürcüstanda yaşayan azərbaycanlılar, yəhudilər, kürdlər, gürcülər iştirak ediblər.

Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının vitse-prezidenti Alman Binnətov çıxış edərək ermənilərin Azərbaycan torpaqlarına təcavüzündən, 14 il əvvəl Şuşa şəhərinin erməni işğalçıları tərəfindən ələ keçirilməsindən, ermənilərin illər boyu apardığı antiazərbaycan kampaniyasından danışıb. O, bildirib ki, həm Azərbaycanda, həm də Gürcüstanda yaşayan ermənilər separatçı fəaliyyətlə məşğul olublar, hər iki dövlətə qarşı ərazi iddiaları ilə çıxış edirlər. Lakin Gürcüstanda yaşayan azərbaycanlılar heç vaxt belə iddialarda olmayıb və Gürcüstanı öz dövlətləri kimi sevirlər, qoruyurlar. Alman Binnətov qeyd edib ki, bütün Gürcüstan azərbaycanlıları ermənilərin Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünü pozmasına yol verməməlidirlər: "Həmçinin biz hesab edirik ki, ərazi bütövlüyünün təmin edilmsi ilə əlaqədar Azərbaycan və Gürcüstan Respublikaları arasında hərbi əməkdaşlıq olmalıdır. Eyni zamanda Gürcüstan dövləti Ermənistanla bağlı mövqeyini dəqiqləşdirməlidir. Ermənilərin Gürcüstanda da ərazi iddiaları var və bu istiqamətdə fəaliyyət göstərirlər"-deyə Assambleyanın rəhbəri vurğulayıb.

Tədbirin sonunda qətnamə qəbul olunub. Sənəddə Ermənistanın işğalçı siyasəti, ermənilərin Azərbaycan və Gürcüstan respublikalarına qarqı separatçı iddiaları, məkrli antiazərbaycan, antitürk təbliğatları pislənilir, işğal olunmuş Qarabağdan erməni silahlı qüvvələrinin çıxarılması tələb olunur.

Xəbər lenti

Xəbər lenti