Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Veselin Topalovla FİDE-nin himayəsi altında dünya çemionu adı uğrunda matç keçirə bilər.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Raqif Abbasovun Trend ə verdiyi məlumata görə, həmin məsələ qurumun rəhbəri Azad Rəhimovun mayın 13-15-nə planlaşdırılan Sofiya səfəri zamanı bolqar həmkarları ilə görüşündə müzakirə olunacaq. Hazırda İsveçrədə Azərbaycan, Ermənistan və UEFA nümayəndə heyətləri arasında Azərbaycan və Ermənistan yıcmalarının neytral meydançada Avropa-2008 çempionatının seçmə matçlarının keçirilməsi haqqında üçtərəfli danışıqlar gedir. A.Rəhimov İsveçrədən Bolqariyaya yola düşəcək.
Onun dediklərinə görə, tərəflər arasında görüşün keçirilməsi haqqında ilkin razılıq əldə edilib. Hazırda yalnız görüşün təfərrüatını müzakirə etmək qalıb.