...

"Yeni fikir"çilər məhkəminin gedişini növbəti dəfə pozublar

Cəmiyyət Materials 15 May 2006 14:00 (UTC +04:00)

Mayın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində "Yeni fikir" gənclər hərəkatının sədri Ruslan Bəşirlinin və onun müavinləri Ramin Tağıyevlə Səid Nuriyevin cinayət işi üzrə keçirilən prosesdə təqsirləndirilən şəxslər iclasın işini növbəti dəfə pozublar. Trend xəbər verir ki, bu səbəbdən də iclasa sədrlik edən hakim Tofiq Paşayev məckəmə iclasını mayın 26-dək təxirə salmalı olub.

Belə ki, R.Bəşirli məhkəməyə bir neçə vəsatət təqdim edib. Həmin vəsatətlərdən biri məhkəmə hökmü çıxarılmamış R.Bəşirliyə cinayətkar deyənlərin, ikincisi o həbs olunduqdan sonra ailəsinin yaşadığı mənzilə hücum edənlərin məsuliyyətə cəlb olunması, üçüncüsu Norveç səfirliyindən alınmış 50.000 dollarla bağlı ittihama aydınlıq gətirilməsi üçün səfirlik əməkdaşlarının məhkəmədə dindirilməsi, dördüncüsü məhkəmənin təqdim etdiyi vəkillərdən imtina ilə bağlı olub.

Lakin dövlət ittihamçısı Şahin Əliyev vəsatətə münasibət bildirərkən məhkəmənin nəzərinə çatdırıb ki, bu vəsatətlərin heç birinin R.Bəşirliyə qarşı irəli sürülmüş ittihamlara aidiyyatı yoxdur. Bu səbəbdən də prokuror məhkəmədən vəsatətlərin təmin edilməməsini xahiş edib.

Qısa müşavirədən sonra hakim vəsatətlərin təmin olunmamasına dair qərarı elan edib. Təqsirləndirilən şəxslər isə hakimin qərarına etiraz edərək iclasın gedişatını süni şəkildə pozmaq məqsədilə məhkəmə heyətinə arxalarını çeviriblər. Hakim təqsirləndirilən şəxslərin bu hərəkətini məhkəməyə hörmətsizlik kimi qiymətləndirib və məhkəmənin işinə mayın 26-dək fasilə verilməsi barədə qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti