...

Ekologiya Nazirliyi: Kəlbəcər ermənilər tərəfindən ekoloji terrora məruz qalır

Cəmiyyət Materials 17 May 2006 19:46 (UTC +04:00)

Zəngin təbii ehtiyatlara malik Azərbaycanın Kəlbəcər rayonu 1993-cü il aprelində ermənilər tərəfindən işğial olunduqdan sonra ekoloji terrora məruz qalıb. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycanın Ekologiya və Təbii ehtiyatlar Nazirliyi məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə rayon ərazisində müxtəlif vasitələrlə aparılmış videoçəkilişlərə baxış keçirərkən, şahid ifadələrini dinləyərkən təbii sərvətlərin ermənilər tərəfindən qəddarlıqla dağıdılmasına dair aşağıdakı faktları aşkar edib:

• Əsirlikdən qayıtmış soydaşlarımız enerji böhranından boğulan ermənilərin rayonun əlləri çatan bütün meşələrini məhv edərək yanacaq kimi istifadə etmələrini söyləyirlər.

• Kəlbəcər rayonunun respublikamızın iqtisadiyatında önəmli rol oynayan ucsuz-bucaqsız yüksək alp çəmənlikləri hazırda tanınmaz hala salınıb. Yağışlı günlərdə ermənilər əsas yoldan kənara çıxaraq ağır texnikanı çəmənliklərlə idarə edir, məhsuldar otlaqları yararsız hala salırlar ki, bu da torpaqların eroziyasına səbəb olur.

• Kəlbəcər meşə təsərrüfatı idarəsinın inzibati binası tamamilə dağıdılıb. Binanın sağ tərəfində yerləşən parkdan, orada əkilmiş müxtəlif növ dekorativ, relikt şam ağaclarından əsər-əlamət yoxdur. Binanın qarşısında iri diametrli ağaclardan kəsilmiş oduncaqlar, qol-budaqlar tökülüb. Kəsilmiş ağacların kötükləri aydın görünür. Ümumiyyətlə, belə mənzərələri bütün çəkiliş boyu görmək olar.

• Çəkilişdən həmçinin rayonun Kəndyeri adlanan ərazisindəki benzindoldurma məntəqəsinin ətrafındakı yaşıllığın məhv edildiyini, kəsilmiş ağacların budaqlarının yol kənarına dağıldığını görmək mümkündür. Çay kənarında olan beton zavodunun ətrafındakı ağaclar və kəndlərə gedən şosse yolunun kənarında bitən ağaclar da doğranılaraq aparılıb. Çaykənd kəndinin tamamilə dağıdıldığını və kəndin yollarının kənarındakı ağacların məhv edildiyini çəkilişdən görmək olar.

• Lakin, ermənilər bu kəndi və Rəhimli kəndini yenidən bərpa edib yaşayırlar. Təkcə Rəhimli kəndinin yuxarı hissəsində yerləşən evlərdə yaşayış var və ermənilər heyvandarlıqla məşqul olurlar. Yaşayış intensiv olduğundan kəndə qalxan yolun ətrafındakı meşəliklərin həddən artıq seyrəldiyi görünür. Ermənilər kənddən yuxarıda, yüksəklikdə televiziya qülləsi tikiblər və qülləyə gedən yol meşələrdən keçir, bu da minlərlə ağacın kəsilməsi deməkdir.

Faktlar düşmənlərin ekoloci terrorunun bariz nümunəsi olmaqla yanaşı, nadir təbiət abidələrinin məhv edilməsini göstərir. Azğınlığın qarşısının alınması, faktların zənginləşdirilməsi isə sizlərdən, oxuculardan asılıdır.

Xəbər lenti

Xəbər lenti