...

Əflatun Amaşov: "Jurnalistin döyülməsinə dair konkret faktlar olmadan kimisə günahlandırmaq düzgün deyil"

Cəmiyyət Materials 19 May 2006 19:32 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevə qarşı tətbiq edilən zorakılığı pisləyib və bu işin araşdırılması üçün Daxili İşlər Nazirliyinə, Respublika prokurorluğuna müraciət edib. Bu barədə Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. O bildirib ki, müraciətdə cinayətkarların tapılıb cəzalandırılmasının vacibliyi qeyd olunub.

Ə.Amaşovun sözlərinə görə, jurnalistlərə qarşı belə halların törədilməsi zamanı cinayətkarların cəzalandırılmaması hökumət strukturları ilə media arasında münasibətlərə mənfi təsir göstərə, ölkədə cəzasızlıq mühitinin yaranmasına, sivil yolla mübarizəyə deyil, zorakılıq üsullarına əl atılmasına səbəb ola bilər: "Mətbuat Şurası hesab edir ki, bu insident aaraşdırılmalı, günahkarlar cəzalandıoılmalı və hadisənin nə üçün baş verməsi, ölkədə gedən proseslərin kimləri narazı salması mütləq açılmalıdır. Belə hallar tez açılsa, növbəti dəfə insanlar jurnalistlərlə daha diqqətli davranar və bu kimi konfliklərin qarşısı alına bilər. Mən bu gün xəstəxanada Bahəddin Həziyevlə və onun həkimləri ilə görüşdüm. Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə məktub ünvanladıq. Bu hadisənin açılması bizim üçün də maraqlıdır ki, ölkədə jurnalistikanın inkişafı kimlərə mane olur. Eyni zamanda hesab edirəm ki, jurnalistlər də əlinə qələm alarkən ona hörmətlə yanaşmalı və insanların heysiyyətinə toxunmamalıdır".

Ə.Amaşov onu da deyib ki, B.Həziyevin döyülməsi faktının hakimiyyətin jurnalistə qarşı təxribatı kimi qiymətləndirilməsi də düzgün deyil. Onun sözlərinə görə, nə qədər ki, hadisənin törədilmə səbəbi və günahkarları məlum deyil, bunu konkret olaraq kimlərinsə adı ilə bağlmaq məntiqə uyğun deyil: "Jurnalistin döyülməsi, ola bilsin, qəzetdə yazdığı yazıları ilə bağlıdır və yaxud da şəxsi zəmində baş verib. Amma ortada fakt olmadan kimisə günahlandırmaq düzgün deyil və bu, həm də hadisənin obyektiv araşdırılmasına mane ola bilər. Nə qədər ki hadisənin üstü açılmayıb, onu müxtəlif istiqamətlərə yönəltmək lazım deyil. Zorakılığın motivi, törədənləri hələlik məlum deyil, ona görə də mən hamını səbrli olmağa çağırıram".

Xəbər lenti

Xəbər lenti