Azərbaycanda ömürlük həbs cəzasının alternativ cəza ilə əvəz edilməsi prezidentin səlahiyyətindədir. Bu barədə Trend ə Qobustan Qapalı Həbsxanasının rəisi Sədaqət Ağayev məlumat verib.
Ömürlük həbsə məhkum edilmiş 19 məhbus barəsindəki cəzanın 15 illik həbs cəzası ilə əvəz olunması ilə bağlı müvafiq instansiyalara müraciət ediblər. Məhkumlar quldurluq məqsədilə qətl törətdiyinə görə ömürlük həbsə məhkum edilmiş Samir Hacıyevin cəzasının 15 illik cəza ilə əvəz olunmasından sonra qərara alıblar ki, həmin humanistlik onlara da şamil edilməlidir.
Məhkumlar barələrindəki cəzanın dəyişdirilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaqlarını bildiriblər. Lakin S.Ağayev hesab edir ki, xüsusilə son illər dövlət başçısı tərəfindən imzalanan kütləvi əfv fərmanları məhkumlara qarşı humanizmdən irəli gəlir. Ömürlük məhkumların cəzasının dəyişdirilməsi də prezidentin səlahiyyətindədir.
"O ki qaldı dustaqların gələcəkdə aclıq aksiyasına başlaması barədə bəyanatlarına, bu, məsələnin həlli yolu deyil və hazırda həbsxana rəhbərliyi məhkumları gələcəkdə belə hərəkətlərin qarşısını almaq məqsədilə konstitusion hüquqları ilə bağlı məlumatlandırırlar" - deyə S.Ağayev vurğulayıb.