...

Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

Cəmiyyət Materials 24 May 2006 17:31 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda Şuranın aylıq hesabatı dinlənilib, bir sıra qərarlar çıxarılıb, həmçinin "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevin naməlum şəxslər tərəfindən döyülməsi faktına münasibət bildirilib.

MŞ sədri Əflatun Amaşov məsələ ilə bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ilə birgə baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubovla keçirdikləri görüş barədə məlumat verib. O, vurğulayıb ki, cinayətin açılması və təqsirkarların qanuna müvafiq cəzalandırılması ölkə rəhbərliyinin, inzibati orqanların ciddi nəzarətində olması barədə söylənən fikirlər bu istiqamətdəki səylərin nəticə verəcəyinə ümidləri artırır. İdarə Heyətinin iclasında Mətbuat Şurasının bu məsələni diqqətdə saxlaması, ictimaiyyəti müntəzəm məlumatlandırması barədə qərar qəbul olunub.

İclasda KİV haqqında qanunvericilik aktlarına əlavə və dəyişiklik edilməsi ilə bağlı Şuranın hazırladığı təkliflər müzakirə olunub. Bu təkliflərə mətbuatın ad seçimi, cərimələrin yuxarı həddinin müəyyənləşməsi, KİI-lərlə bağlı şikayətlərin ilkin mərhələdə araşdırılmasının və qanunla müəyyənləşdirilən ölçü mexanizmlərinin tətbiqinin Mətbuat Şurasına həvalə edilməsi daxildir. Təkliflər nəzərdən keçirildikdən sonra qərara alınıb ki, bunlar ekspertlərin və hüquqşünasların birgə iştirakı ilə yaxın günlərdə geniş müzakirə olunsun.

İdarə Heyəti üzvləri Mətbuat Şurasının aprel ayında gördüyü işlərə dair Şuranın sədri Əflatun Amaşovun hesabatını dinləyərək məqbul qiymətləndiriblər. Şuranın şikayətlər üzrə Komissiyasının təqdim etdiyi rəylərə də münasibət bildirilib, komissiyanın çıxardığı bəzi rəylər qüvvədə saxlanılıb, digərləri barədə isə əgər nəticə çıxarılmazsa, daha ciddi tədbirlər görülməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti