...

TQDK-nın nümayəndə heyəti beynəlxalq konfransda iştirak edir

Cəmiyyət Materials 25 May 2006 17:31 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın sədri Məleykə Abbaszadə başda olmaqla nümayəndə heyəti Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for Educational Assessment (IAEA) Sinqapurda keçirilən 32-ci konfransında iştirak edir.TQDK-dan Trend ə verilən məlumata görə, IAEA-nın konfransında qiymətləndirmə sistemlərinin yenilikləri və təhsil sahəsində baş vermiş dəyişiklikləri özündə əks etdirməsi baxımından günümüzün tələblərinə necə cavab verməsi nəzərdən keçirilir.

Konfransda Azərbaycan nümayəndə heyəti də çıxış edib. TQDK sədri Məleykə Abbaszadə və nümayəndə heyətinin üzvü Rəhim Hüseynov "Magistratura imtahanlarında qəbul imtahanlarının nəticələrinin istifadə edilməsi" mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı nümayəndələrin çıxış böyük maraqla qarşılanıb və yüksək qiymətləndirilib. Azərbaycan nümayəndə heyəti konfransda müxtəlif ölkələrin nümayəndələri ilə çoxsaylı görüşlər keçirərək nəzəri və təcrübi biliklərin artmasına imkan verən fikir və təcrübə mübadiləsi aparır. Bu təcrübə TQDK-ya öz işini dünya standartları çərçivəsində qurmağa kömək edir.

Bundan əlavə, Azərbaycan nümayəndə heyəti tərəfindən açılmış stend konfrans iştirakçılarına təqdim olunub. Ölkəmizə həsr olunmuş stend həm təşkilatçılar, həm də bütün qonaqlar tərəfindən rəğbətlə qarşılanıb. Qeyd edək ki, IAEA-nın növbəti - 33-cü konfransı Azərbaycanda keçiriləcək. Bu məqsədlə Azərbaycan nümayəndə heyəti Sinqapur konfransında 2007-ci ildə təşkil edəcəyi konfransın təqdimat mərasimini də keçirəcək.

Xəbər lenti

Xəbər lenti