...

Macarıstanda Azərbaycan günləri keçirilib

Cəmiyyət Materials 26 May 2006 17:37 (UTC +04:00)

Mayın 23 və 24-də Macarıstan Respublikasında Azərbaycan günləri keçirilib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsi ilə Azərbaycanın Macarıstandakı səfirliyinin birgə təşkil etdiyi tədbirin keçirilməsində əsas məqsəd Macarıstan ictimaiyyətini Azərbaycanın qədim və zəngin mədəniyyəti ilə daha yaxından tanış etmək, ölkəmizlə bağlı həqiqətləri macar xalqının diqqətinə çatdırmaq, Dağlıq Qarabağ münaqişəsinin obyektiv səbəbləri ilə bağlı onları məlumatlandırmaqdan ibarətdir.

Tədbirin ilk günü Budapeşt şəhərində Macarıstan Elmlər Akademiyasının binasında "Tarix və mədəniyyət: Macarıstan-Azərbaycan" adlı elmi simpozium keçirilib. Simpoziumda Azərbaycanın və Macarıstanın bir sıra tanınmış alimlərinin ölkələrimiz və xalqlarımız arasındakı tarixi əlaqələrə dair məruzələri dinlənilib. Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov tədbirdə çıxış edərək xalqımızın qədim və zəngin tarixi, mədəniyyəti barədə məlumat verib, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, ölkəmizin dünya birliyinə inteqrasiyası sahəsində atılmış addımlar, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri ilə bağlı obyektiv həqiqətləri iştirakçıların diqqətinə çatdırıb. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, professor, millət vəkili Nizami Cəfərov, AMEA-nın müxbir üzvü Nailə Vəlixanlı və digər alimlərimiz xalqımızın tarixi və mədəniyyəti barədə müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Macarıstanın tanınmış alimlərindən bir neçəsi də çıxışlar edib, Azərbaycan və macar xalqları arasında münasibətlərin tarixindən, iqtisadi və mədəni sahədə əlaqələrin vəziyyətindən danışıblar. Simpoziumda 70-ə yaxın macar alim, Macarıstanın bir çox dövlət rəsmiləri də qatılıblar.

Tədbirdə aparılmış müzakirələrin nəticəsi olaraq Macarıstanda "Azərbaycanşünaslar" cəmiyyətinin yaradılması ilə bağlı Azərbaycan tərəfinin təşəbbüsü müsbət qarşılanıb. Macarıstanlı alimlər bu təklifin həyata keçirilməsinin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyini bildiriblər. Növbəti gün isə Budapeşt şəhərində Azərbaycan incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Qeyd edək ki, may ayının 26-da Macarıstanın ən nüfuzlu televiziya kanallarından biri olan "Duna TV" proqramlarının əksər hissəsini Azərbaycana həsr edir. Televiziyada Azərbaycanla bağlı verilişlər nümayiş etdirilir, ölkəmizin tarixi və mədəniyyəti barədə tamaşaçılara ətraflı məlumat verilir.

Xəbər lenti

Xəbər lenti