Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar 28 May - Respublika Gününü qeyd ediblər. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Türkiyənin paytaxtı Ankarada Azərbaycan səfirliyi rəsmi qəbul təşkil edib. Mərasimdə Türkiyə Baş nazirinin müavini, xarici işlər naziri Abdullah Gül, millət vəkilləri, Ankara bələdiyyəsinin sədri Məlik Gökçək, hərbçilər, ictimaiyyət nümayəndələri, Ankaradakı diplomatik korpusun təmsilçiləri, qardaş ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Respublika günü münasibətilə Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimovu Türkiyə hökuməti adından təbrik edən Abdullah Gül bildirib ki, biz bir millət, iki dövlətik və bu baxımdan Azərbaycanın bayramı Türkiyə üçün də əzizdir. O, ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayaraq, bu yaxınlarda istifadəyə veriləcək Bakı-Tbilisi-Ceyhan neft kəmərinin qardaş ölkələrin tərəqqisinə xidmət edəcəyini dilə gətirib. Sonda səfir Zakir Həşimov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Haluk İpək və Ankara bələdiyyəsinin sədri Məlik Gökçək üzərində Azərbaycanın dövlət bayrağının rəsmi olan bayram tortunu kəsiblər.
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda da rəsmi qəbul təşkil olunub, bir çox rəsmi şəxslər, tanınmış insanlar, xarici qonaqlar iştirak ediblər.
28 May - Respublika Günü Yaponiyada yaşayan soydaşlarımız da təntənə ilə qeyd ediblər.
Yaponiyanın Osaka şəhərində fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə bayram ərəfəsində bu qurumun "Qafqaz-Xəzər Salonu" adlı Azərbaycanı tanıtım-təbliğat proqramının açılışı olub. Fransada fəaliyyət göstərən Azərbaycan-Fransa Gənclik Assosiasiyasının təşəbbüsü ilə də Parisin Dövlət Şosse Yolları və Körpülər Məktəbinin iqamətgahında "28 may - Müstəqillik günü və Azərbaycanın Milli bayramı" adlı təntənəli mərasim keçirilib. Mərasim iştirakçılarını milli geyimdə oğlan və qız qarşılayaraq onlara cəmiyyətin nəşr etdirdiyi "Körpü" jurnalının yeni nömrəsini təqdim ediblər. Tədbirin əvvəlində "Lider" televiziyasının istehsalı olan Azərbaycanın tarixi abidələrini, gözəl mənzərələrini, mədəni irsini əks etdirən qısametrajlı sənədli film ingilis dilində nümayiş etdirilib. Mərasimdə çıxış edənlər 1918-ci ildə Şərqdə ilk demokratik və müstəqil Cümhuriyyətin - Azərbaycan Demokratik Respublikasının yaranması, onun süqutunun səbəbləri barədə məlumat verilib, 1991-ci ildə ölkəmizin yenidən müstəqillik əldə etməsi, bundan sonra dünyanın bir çox ölkələri, o cümlədən Fransa ilə sıx dostluq əlaqələrinin yaradılması barədə danışılıb. Tədbirdə fransız qonaqlar da çıxış ediblər və sonda konsert proqramı təşkil olunub.