...

Dünyanın dini liderləri dövlət başçıları və siyasətçilərə müraciət göndərəcəklər

Cəmiyyət Materials 30 May 2006 15:33 (UTC +04:00)

Dini Liderlərin iyunun 3-5-də Moskvada keçirilməsi planlaşdırılan Ümumdünya Zirvə Görüşünün gündəliyi hazırlanıb. Bu barədə Trend ə Qafqaz müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri Akif Ağayev bildirib.

Onun sözlərinə görə, gündəlik dini birliklərin nümayəndələrindən ibarət ekspert qrupunun Moskvada keçirilmiş görüşündə hazırlanıb. Görüş çərçivəsində fikir mübadiləsi aparılıb və Dini Liderlərin Ümumdünya Zirvə Görüşündə müzakirə üçün mövzular təklif olunub. Ekspertlərin görüşdə Azərbaycan, Albaniya, Bəhreyn, Bolqarıstan, Bosniya və Hersoqovina, Yunanıstan, Misir, İsrail, Hindistan, İtaliya, Çin, Latviya Rusiya, Rumıniya, ABŞ, Türkiyə, Finlyandiya, Vatikan, Almaniya, Suriya, Fransa, İsveçrə və Estoniyadan xristian, yəhudi, islam, bütpərəst və iudaizm dinlərinin nümayəndələri iştirak edib. İştirakçılar bəyan edib ki, ənənəvi dinlər arasındakı dialoqun əsasını məsuliyyət hissi və bəşər övladlarının taleyiliyi ilə bağlı ümumi narahıtlıq təşkil edir.

A.Ağayev bildirib ki, zirvə görüşündə müzakirə üçün aşağıdakı mövzular təklif olunub: müasir cəmiyyətdə dinin rolu, müasir cəmiyyətdə dini və mənəvi dəyərlərin müdafiə və təsdiqi, dinin bütün bunlara görə məsuliyyəti, terrorizm və ekstremizmin qarşısının alınması yolları, təhsil və gənclərin mənəvi tərbiyələndirilməsininin zəruriliyi, ailə və insan həyatı dəyərlərinin dəstəklənməsi, KİV-in rolu, ekoloji məsuliyyət, dialoq və tərəfdaşlıq və s.

Zirvə görüşünün yekunları üzrə dövlət başçıları, siyasətçilər, ictimaiyyət və dini icmaların bütün üzvlərinə ünvanlanacaq müraciət qəbul ediləcək.

Zirvə görüşü çərçivəsində Qafqaz müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə dini liderlərlə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Xatırladaq ki, görüşün təşəbbüskarı Moskva və Bütün Rusiya partiarxı, Rusiya Provoslav Kilsəsinin rəhbəri II Aleksidir.

Xəbər lenti

Xəbər lenti