...

Avropada təhsil alan Azərbaycanlı gənclərin Brüsseldə forumu keçirilib

Cəmiyyət Materials 30 May 2006 17:48 (UTC +04:00)

Mayın 29-da Brüsseldə, Avropa Parlamentinin binasında Avropada təhsil alan Azərbaycanlı gənclərin I forumu keçirilib. Bu barədə Trend ə Azərbaycanın Benilüks ölkələri və Avropa Birliyindəki səfiri Arif Məmmədov bildirib.

Forumda Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, Almaniya və digər ölkələrdə təhsil alan 100-ə yaxın tələbə iştirak edib. Tədbirdə Azərbaycanlı tələbələrin vəziyyəti və onların fəaliyyətinin əlaqələndirilməsi üçün lobbi qrupunun yaradılması müzakirə edilib. Materialların gələcəkdə lobbi fəaliyyətində istifadəsi üçün çıxışlar ingilis dilində olub. Forumun ikinci hissəsi seksiyalar üzrə keçirilib. Tələbələrin bir hissəsi təhsil aldıqları ölkənin millət vəkilləri ilə söhbət edib, Avropa qurumlarına inteqrasiya ilə maraqlanan digər hissə isə NATO-nun işi ilə tanış olub. Forumun yekunları üzrə Avropa Birliyinə müraciət qəbul edilib.

Mayın 30-da mədəni proqram - canlı Azərbaycan musiqisi ilə diskoteka planlaşdırılıb. Proqrama caz-qruplar, Emin İbrahimli-trio və pop ulduzu Tünzalə Ağayevanın çıxışı daxildir.

Tədbirlər Avropa Birliyində Azərbaycan Həftəsi çərçivəsində keçirilir. Bu həftə ərzində keçiriləcək tədbirlər sırasına Xəzər regionunda energetika siyasətinə həsr olunmuş konfrans (iyunun 1-də) da var. A.Məmmədovun sözlərinə görə, tədbirlərin keçirilməsinə Azərbaycan hökuməti və Belçikanın biznez dairələri böyük dəstək göstərir. Səfir keçirilmiş tədbirləri uğurlu hesab edir və bu ənənənin gələcəkdə də davam etdirilməsini vacib sayır. Caz qrupların iştirakı və milli Qarabağ alətlərinin istifadəsilə növbəti belə bir tədbir, çox ehtimal ki, oktyabr-noyabr aylarında təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti