...

Azərbaycanın səhiyyə naziri ÜST-in icra komitəsinin vitse-prezidenti seçilib

Cəmiyyət Materials 6 İyun 2006 16:39 (UTC +04:00)
Azərbaycanın səhiyyə naziri ÜST-in icra komitəsinin vitse-prezidenti seçilib

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Assambleyasının (ÜSA) Cenevrə şəhərində keçirilən 59-cu sessiyasında iştirak edib. Səhiyyə nazirliyi beynəlxalq əlaqələr şöbəsnini başçısı Samir Abdullayevin Trend ə verdiyi xəbərə görə, assambleyada "quş qripi" ilə mübarizə üzrə tədbirlərin gücləndirilməsi, poliomielitin qlobal ləğvi, QİÇS-lə mübarizədə beynəlxalq donorların rolu, reproduktiv sağlamlıq və cinsi yolla yayılan xəstəliklərin profilaktikası, körpə və azyaşlı uşaqların qidalanması üzrə 4 illik hesabat, çiçək xəstəliyinin ləğv olunması, görmə qabiliyyətinin pozulması və s. məsələlər müzakirə olunub.

Assambleyada Ümumdünya Səhiyyə təşkilatının (ÜST) başçısı vəzifəsinə təşkilatın mərhum baş direktoru Çon Vuk Linin assistenti Anders Nordstromun müvəqqəti namizədliyi təsdiq olunub.

ÜSA-nın hər il keçirilən sessiyalarında Ümumdünya səhiyyə təşkilatının (ÜST) 192 üzv ölkələrinin nümayəndələri toplaşır.

Oqtay Şirəliyev də, həmçinin, Azərbaycanın üzv olduğu ÜST-nin icra komitəsinin 118-ci iclasında iştirak edib. İclas zamanı ABŞ, Türkiyə, Cibuti, Sloveniya, Latviya, Danimarka və Sinqapur da təşkilat sıralarına qəbul olunub.

İclasda talassemiya və digər hemoqlobinopatiyaların məsələsi, ÜST-nin maliyyə xərcləri üzrə hesabatlar, strateji məsələlər, elektron təbabət və mərkəzləşdirilmiş informasiya sisteminin yaranması, ÜST-də kadr məsələləri, tibb texnologiyalarının geniş tətbiqi, içməli su ehtiyatlarında arsenidlərin eradikasiyası, baş direktor müavini vəzifəsinin bərpası, ÜST başçısının seçilməsinə hazırlıq və s. məsələlər müzakirə olunub.

S.Abdullayev qeyd edib: "İclasda ÜST-nin Avropa bürosunun, Lüksemburq və Portuqaliya nümayəndələrinin təklifinə görə və ÜST-nin icra komitəsi üzvlərinin yekdil qərarına əsasən Oqtay Şirəliyev komitənin vitse-prezidenti seçilib. Bundan başqa, Azərbaycan tərəfi QHT ilə iş üzrə komitədə sədrlik edirdi".

Azərbaycan üçün daha bir mühüm hadisə Azərbaycan və ÜST arasında "Qarşılıqlı anlaşma haqqında" iki illik razılaşmanın imzalanmasıdır. Sənədi Oqtay Şirəliyev və ÜST-nin Avropa regionu üzrə direktoru Mark Danzon imzalayıb. Razılaşmaya Azərbaycan səhiyyəsi sahəsində əsas prioritetlər, islahatlar, istiqamətlər və tədbirlər planı daxildir.

Xəbər lenti

Xəbər lenti