...

Avropa Azərbaycanlıları Konqresinin toplantısı keçirilib

Cəmiyyət Materials 9 İyun 2006 19:27 (UTC +04:00)

İyun ayının 9-da Antalyada keçirilən Dünya Azərbaycanlı Ziyalılarının Forumu çərçivəsində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun iştirakı ilə Avropa Azərbaycanlıları Konqresinin toplantısı keçirilib. Trend in muxbiri xəbər verir ki toplantını açan N.İbrahimov AAK üzvlərini salamlayaraq, təşkilatın ötən müddət ərzində bir sıra uğurlara imza atdığını vurğulayıb. O, Dünya Azərbaycanlılarının II Qurultayından sonra Azərbaycan diasporunun tarixində yeni mərhələnin başlandığını söyləyərək AAK-ın bu mərhələdə daha güclü təşkilata çevrilməsinin vacib olduğunu qeyd etdi.

AAK-ın prezidenti Bahəddin Kaya təşkilatın ötən dövrdəki fəaliyyəti barədə ətraflı məlumat verdi. O, təşkilatın strukturlarının təkmilləşdirilməsinə, onun daha çevik bir quruma çevrilməsinə ehtiyac olduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın qədim və zəngin mədəniyyətinin təbliği sahəsində daha geniş miqyaslı tədbirlər həyata keçirmək lazımdır. Avropada fəaliyyət göstərən Azərbaycan icmalarını öz ətrafında birləşdirən AAK bu çətin vəzifənin öhdəsindən gələ bilər.

Almaniyadakı Maynz Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Niderland Azərbaycan Cəmiyyətinin sədri Sahil Qasımov, Estoniya parlamentinin üzvü Eldar Əfəndiyev, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev və başqaları da öz çıxışlarında AAK-ın strukturlarının təkmilləşdirilməsi və təşkilatın fəaliyyətində ciddi dönüş yarada bilən islahatların aparılması ilə bağlı fikirləri dəstəklədiklərini bildirdilər.

Müzakirələrin nəticəsi olaraq, bu ilin oktyabr ayında AAK-ın növbəti hesabat-seçki konfransının keçirilməsi ilə bağlı qərar qəbul olundu. Hesabat-seçki konfransının keçiriləcəyi dövrə qədər təşkilat üzvlərinin öz təkliflərini təşkilat komitəsinə təqdim etmələri və Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasını nəzərdə tutan proqramlar hazırlamasının məqsədəuyğun olduğu bildirildi.

Xəbər lenti

Xəbər lenti