...

Azərbaycan akrobatları Portuqaliyada keçiriləcək Dünya çempionatında iştirak edəcək

Cəmiyyət Materials 14 İyun 2006 13:51 (UTC +04:00)

Azərbaycan akrobatları iyunun 15-17-də Portuqaliyada keçiriləcək XX Dünya çempionatında iştirak edəcək. Ayla Əhmədova və Dinarə Abbasova Atlantik okeanına tökülən Mondequ çayının sahilində yerləşən qədim Koimbra şəhərində keçirilən dünya birinciliyində çıxış edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, püşkatmaya əsasən Azərbaycan akrobatları sürət hərəkətləri ilə yeddinci yerdə çıxış edəcəklər. Duet balans kompozisiyasını alman cütlüyündən sonra göstərəcək. Günortadan sonra Ayla Əhmədova və Dinarə Abbasova kombinasiya hərəkətləri ilə yenə də meydana çıxacaqlar. Dünya çempionatının son günü isə final olacaq. Finalda yarışın nəticələrinə görə turnirin 8 ən yaxşı cütlüyü iştirak edəcək.

İdmançılarımızın rəqibi 10 gütlük olacaq. Bunların arasında ən əsasları Rusiya, Ukrayna, Böyük Britaniya və Çindəndir.

"Mən düşünürəm ki, qızlarımız ixtisaslaşmadan keçib, finalda iştirak edə bilərlər", - deyə məşqçi İradə Qurbanova bildirib. "Medala namizədlər çoxdur - Portuqaliya duetini də hesabdan çıxarmaq olmaz, axı onlar çempionatın sahibidirlər. Lakin nəticədə çox şey bizim hazırlıq dərəcəmizdən asılı olacaq", - deyə o vurğulayıb.

Beynəlxalq Gimnastika Federasiyası da (FİG) dünya çempionatının keçirilməsinə yaxşı hazırlaşdığını nümayiş etdirir. Dünya birinciliyi ərəfəsində bu təşkilat ən yaxşı 30 cütlüyün xüsusi reytinqsiyahısını açıqlayıb. Ayla Əhmədova və Dinarə Abbasovadan ibarət duetimiz 11.20 reytinq xalı ilə Belarusiya, Bolqarıstan, Almaniya və Fransanın təcrübəli nümayəndələrini geridə qoyaraq, bu siyahıda 15-ci yeri tutub.

Xəbər lenti

Xəbər lenti