...

Ədliyyə Nazirliyi və QHT nümayəndələri məhkumluğu başa çatmış şəxslərin sosial adaptasiyası problemini müzakirə ediblər

Cəmiyyət Materials 4 Dekabr 2006 14:00 (UTC +04:00)

Dekabrın 4-də Ədliyyə Nazirliyi və qeyri-hökumət təşkilatlarının nümayəndələri penitensiar sistemdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası problemini müzakirə ediblər. Trend xəbər verir ki, "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin təşkil etdiyi dəyirmi masa Beynəlxalq Mətbuat Mərkəzində keçirilib.

İctimai Birliyin sədri Kamil Səlimov tədbir iştirakçılarının diqqətini cəzaçəkmə müəssisəsindən çıxan məhkumun cəmiyyətdə yerinin müəyyənləşdirilməsi istiqamətində mövcud problemlərə yönəldib. O qeyd edib ki, təşkilat cəzaçəkmə müəssisələrində apardığı monitorinqlər nəticəsində məhkumların sosial adaptasiyası ilə bağlı böyük problemlər aşkar edib. Bununla bağlı İqtisadi İnkişaf Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və s. dövlət orqanlarına müraciətlər olunub, lakin müraciətlərə baxılmayıb, problemin həlli üçün heç bir tədbir görülməyib.

"Problemə laqeyd münasibət nəticəsində cəzaçəkmə müəssisələrini tərk edən məhkumlar cinayətkar dəstələrə üzv olaraq cinayətkar fəaliyyətlərini davam etdirirlər və ya istənilən bir cinayət törədirlər ki, özləri üçün müəyyən mənada sığınacaq yeri olan cəzaçəkmə müəssisələrinə qaytarsınlar. Tədqiqatlarımıza görə, bu cür şəxslər tərəfindən təkrar və residiv cinayətlərin törədilməsi 20-30 faiz təşkil edir" - deyə K.Səlimov bildirib.

Tədbirdə iştirak edən Ədliyyə Nazirliyinin nümayəndələri də qeyd olunan iradlarla razılaşıblar və təsdiqləyiblər ki, məhkumların readaptasiya probleminə etinasızlıq göstərilməsi cəza-icra müəssisəsinin islah-tərbiyə üzrə normal fəaliyyətinə, mənəvi-psixoloji iqlimə də mənfi təsir göstərir, nəticədə isə cinayətkar "obşakların" və digər neqativ proseslərin yaranması ilə bağlı olan həbsxana "mədəniyyətinin" tətbiqinə şərait yaradır.

Kamil Səlimov tədbir iştirakçılarının nəzərinə onu da çatdırıb ki, hazırda Milli Məclisdə "Penitensiar sistemdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası" haqqında Qanun layihəsi müzakirə olunur. Lakin bu qanun layihəsində məhkumların sosial adaptasiyası ilə bağlı bütün məsələlər əks olunmayıb. Ədliyyə Nazirliyinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri həmin qanuna əlavə və dəyişikliklərlə əlaqədar öz təkliflərini səsləndiriblər.

Xəbər lenti

Xəbər lenti