...

Azərbaycan jurnalistlərinin IV qurultayının vaxtı dəyişdirildi

Cəmiyyət Materials 5 Dekabr 2006 17:20 (UTC +04:00)

Azərbaycan jurnalistlərinin IV qurultayının keçirilmə vaxtı dəyişdirilib. Bu barədə Trend ə Azərbaycan Mətbuat Şurasından məlumat verilib.

Qurultay artıq dekabrın 9-da deyil, 23-də keçiriləcək. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi bunu Azərbaycan Mətbuat Şurası təsisçilərinin quruma üzvlük haqlarını zəif ödəmələri ilə izah edib. TK digər səbəb kimi təsisçilərin qurultayda iştirakını təsdiq edən sənədləri ləng təqdim etmələrini göstərib.

Azərbaycan Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının sədri İbrahim Məmmədlinin sözlərinə görə, təsisçi KİV-lərin üzvlük haqlarını ödəməmələri, yaxud zəif ödəmələri ilə bağlı məsələ jurnalistlərin II və III qurultaylarından öncə də gündəmdə idi: "Niyəsə, təsisçi KİV-lər üzvlük haqlarını ödəməyə meylli olmurlar. Mətbuat Şurasının son dövr üçün maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən məlum olub ki, üzvlük haqlarının cəmi 9 faizi ödənilib. Bununla əlaqədar NTK tərəfindən İdarə Heyətinə müraciət olunub və bu işdə dönüş yaradılmasının zəruriliyi vurğulanıb. Məndə olan məlumata görə, İdarə Heyətinin Şura katibliyinə müvafiq tapşırığından sonra bu rəqəm 15 faizə yaxınlaşıb. Amma vəziyyət qənaətbəxş sayıla bilməz. Buna görə də İdarə Heyəti qurultayın vaxtının dəyişdirilməsi ilə bağlı rəyə gəlib".

NTK sədri bildirib ki, MŞ tədbirlərini əsasən təsisçi KİV-lərin ödədikləri üzvlük haqları hesabına reallaşdırır. O, dekabrın 23-ə qədər üzvlük haqlarının heç olmasa, yarısının ödəniləcəyinə ümidvar olduğunu deyib. İ.Məmmədli həmçinin NTK-nın üzvlük haqqını ödəməyən KİV-lərin təsisçilik məsələsinə baxılması ilə bağlı İH qarşısında məsələ qaldıracağını da istisna etməyib.

Xəbər lenti

Xəbər lenti