...

Ramil Səfərovun cəzasının ağırlaşdırılmasını tələb edən prokurorun apellyasiya şikayəti icraata götürülüb

Cəmiyyət Materials 7 Dekabr 2006 18:00 (UTC +04:00)

Macarıstanda ömürlük həbsə məhkum edilmiş Ramil Səfərovun 17 noyabr 2006-cı il tarixdə keçirilmiş ikinci məhkəməsinin nəticəsindən narazı qalan dövlət ittihamçısı R.Səfərovun cəzasının ağırlaşdırılmasına dair apellyasiya şikayəti verib və şikayət Apellyasiya Məhkəməsi tərəfindən icraata götürülüb. Bu barədə Trend ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Dekabrın 7-də səfirliyə Ramil Səfərovun vəkili Klara Fişerin məktubu daxil olub. Məktubda qeyd edilib ki, Ramil Səfərovun 17 noyabr 2006-cı il tarixdə keçirilmiş ikinci məhkəməsində çıxarılmış hökmlə əlaqədar münasibət bildirmək üçün prokuror möhlət istəyib. Lakin artıq prokuror öz münasibətini rəsmən bildirib. O, Ramil Səfərova təyin olunmuş cəzanın yüngül olduğunu qeyd edərək cəzanın ağırlaşdırılması tələbi ilə apellyasiya məhkəməsinə müraciət edib.

Şikayət icraata götürülsə də, apellyasiya şikayətinə baxılması ilə bağlı konkret vaxt təyin olunmayıb. Yalnız bildirilib ki, şikayətə 2007-ci ilin ilk 6 ayı ərzində baxılacaq.

Qeyd edək ki, erməni zabiti Qurgen Markaryanı öldürməkdə təqsirləndirilərək 13 aprel 2006-cı il tarixdə Budapeşt məhkəməsinin hökmü ilə ömürlük həbsə məhkum edilən Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərova qarşı hələ 2004-cü ilin iyun ayında ikinci cinayət işi də başlanmışdı. R.Səfərov saxlandığı həbsxananın nəzarətçilərinə müqavimət göstərməkdə təqsirli bilinirdi. 17 noyabr 2006-cı il tarixdə isə Ramil Səfərovun Macarıstanın Budapeşt şəhərinin Peşt rayon Məhkəməsi tərəfindən ikinci dəfə mühakiməsi keçirilib və o, 8 ay müddətinə şərti cəzaya məhkum edilib. Dövlət ittihamçısı bu cəzanı yüngül hesab edərək apellyasiya şikayəti verib.

Xəbər lenti

Xəbər lenti