...

Macarıstanlı jurnalist Azərbaycan həqiqətlərini qələmə alıb

Cəmiyyət Materials 7 Dekabr 2006 18:53 (UTC +04:00)

Bir müddət əvvəl Azərbaycanda səfərdə olmuş macarıstanlı jurnalistlər ölkəmizlə bağlı həqiqətləri əks etdirən məqalələr dərc etdiriblər. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Xatırladaq ki, bu il sentyabrın sonu-oktyabrın əvvəllərində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə bir qrup macar jurnalisti ölkəmizdə səfərdə olub. Azərbaycanın tarixi, sosial-iqtisadi vəziyyəti və regional mövqeyi ilə tanış olan jurnalistlər Macarıstana qayıtdıqdan sonra ölkəmiz barədə məqalələr dərc etdiriblər. Macarıstanda nəşr olunan "Nepszava" qəzetinin müxbiri Ferenç Kepeç səfər təəssüratları ilə əlaqədar üç məqalə yazıb.

Jurnalist "Azərbaycan. Qaçqınlarla görüş" məqaləsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurdundan-yuvasından didərgin düşmüş həmyerlilərimizin ağır şəraitdə yaşadığı qaçqın düşərgələrindən bəhs edib. İmişli və Biləsuvardakı qaçqın düşərgələrində məskunlaşan, vaqonlarda yaşayan qaçqınların ağır şəraitinin şahidi olduğunu qeyd edən F.Kepeç buranı Fələstin qaçqın düşərgələrinə bənzədib.

Qaçqın düşərgələrində olarkən macar jurnalisti Budapeştdə erməni hərbiçisini qətlə yetirmiş Azərbaycan ordusunun zabiti Ramil Səfərovu yaxından tanıyan şəxslərlə də görüşüb. F.Kepeç Qalaqaya kəndindəki düşərgədə qaçqınların R.Səfərovun bir ermənini öldürdüyünə görə ömürlük həbs cəzasına layiq görüldüyü halda yüzlərlə günahsız azərbaycanlını qanına qəltan etmiş ermənilərin azadlıqda gəzməsindən hiddətləndiklərini vurğulayıb.

"Bakı Qarabağı verməyəcək" adlı ikinci məqaləsində macarıstanlı jurnalist hazırda əhalisinin böyük hissəsini ermənilər təşkil edən edən Dağlıq Qarabağın tarixən Azərbaycan torpağı olduğunu bildirib. Jurnalist Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin bir nəticə vermədiyini yazaraq erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarının azad olunacağı təqdirdə Azərbaycanın sülhə razılıq verəcəyini bəyan edib.

Ferenç Kepeç "Bakıda ölən qəhrəmanlar yad edilir" başlıqlı sonuncu yazısında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş şəxslərdən bəhs edib. O, "20 Yanvar" faciəsi zamanı azərbaycanlıların öz azadlıqları uğrunda göstərdikləri fədakarlıqlardan, "Şəhidlər xiyabanı"ndan söhbət açaraq Bakını "Qəhrəmanlar Məscidi" adlandırıb.

Xəbər lenti

Xəbər lenti