...

Azərbaycan Mətbuat Şurasının təcrübəsi əsasında postsovet məkanı üçün model hazırlanacaq

Cəmiyyət Materials 8 Dekabr 2006 13:23 (UTC +04:00)

"Dekabrın 15-16-da Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak üçün Avropadan gələcək mütəxəssislər Azərbaycan Mətbuat Şurasının sənədlərinin nə dərəcədə dolğunluğuna aydınlıq gətirəcəklər". Bu barədə Trend ə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Qeyd edək ki, dekabrın 15-16-da Bakıda "Postsovet məkanında medianın özünütənzimləməsi: mətbuat şuraları, onların yaranma zərurəti və rolu" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Əflatun Amaşov bildirib ki, Azərbaycan Mətbuat Şurası postsovet məkanında yaranan ilk belə qurumdur. Onun sözlərinə görə, Azərbaycanda KİV-ləri və jurnalist təşkilatlarını bir araya gətirə biləcək bu qurumun yaradılması üzərində 7-8 il iş görülüb: "İndiyədək qəbul etdiyimiz sənədlər, qərar və rəylər ekspertizadan keçiriləcək. Avropadan Bakıya gələcək mütəxəssislər bu sahənin biliciləridir. Onlar bizim sənədlərin nə dərəcədə dolğunluğuna aydınlıq gətirəcəklər. Beynəlxalq konfransın əsas məqsədlərindən biri Azərbaycan Mətbuat Şurasının işinin təkmilləşməsinə kömək etməkdir. Bu, həm də bizim qurumun beynəlxalq media ictimaiyyəti qarşısında imtahanıdır"-deyə Ə.Amaşov qeyd edib.

Onun sözlərinə görə, qurumun ən böyük uğuru həm də Azərbaycan Mətbuat Şurasının təcrübəsi əsasında hazırlanacaq modelin postsovet məkanı ölkələri üçün nəzərdə tutulmasıdır. Ə.Amaşov qeyd edib ki, ikigünlük tədbirə Böyük Britaniya, İsveçrə, Almaniya, Hollandiya, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Qırğızıstan və digər ölkələrdən nümayəndələrin gəlməsi nəzərdə tutulub. Qonaqlar postsovet məkanında medianın özünütənzimləməsi ilə bağlı hansı tendensiyaların müşahidə edilməsi məsələlərinə öz cavablarını verəcəklər.

Xəbər lenti

Xəbər lenti