...

Dövlət Komitəsinin sədri N.İbrahimov soydaşlarımımızın problemləri ilə əlaqədar Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb

Cəmiyyət Materials 8 Dekabr 2006 18:43 (UTC +04:00)

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərliyi ilə nümayəndə heyəti Rusiya Federasiyasına yola düşüb. Bu barədə Trend ə Dövlət Komitəsindən məlumat verilib.

Səfərin əsas məqsədi "Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2006-cı il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli yollarını araşdırmaqdan ibarətdir.

Bu gün - dekabrın 8-də səfər çərçivəsində Dövlət Komitəsinin sədri Rusiya xarici işlər nazirinin müavini, stats-sekretar Qriqori Karasinlə görüşüb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da iştirak etdiyi görüşdə Rusiya Federasiyası hökumətinin 15 noyabr 2006-cı il tarixli, 683 №-li qərarı ilə bağlı müzakirələr aparılıb. Q.Karasin bildirib ki, hökumətin sözügedən qərarı Rusiya Federasiyası ərazisində yaşayan azərbaycanlılara və digər miqrantlara qarşı yönəlməyib. Bu qərarın əsas məqsədi Rusiya Federasiyası ərazisində miqrasiya prosesini tənzimləməkdən və qanuni çərçivəyə salmaqdan ibarətdir. Q.Karasin bildirib ki, Rusiya tərəfi qərarın icrası zamanı qarşıya çıxacaq bütün problemləri Azərbaycan Respublikasının müvafiq dövlət və hökumət orqanları ilə birgə əməkdaşlıq çərçivəsində müzakirə və həll etməkdə maraqlıdır. O, qeyd edib ki, Rusiya Federasiyası hökumətinin həmin qərarına əsasən, 2007-ci il yanvarın 15-dən ölkə ərazisində miqrantların ticarətlə məşğul olmasına məhdudiyyətlərin tətbiq edilməsi ilə əlaqədar bu ölkədə məskunlaşmış soydaşlarımızın problemlərinin həlli istiqamətində iki ölkənin müvafiq dövlət orqanları arasında əməkdaşlıq olduqca mühüm əhəmiyyət daşıyır.

Nazim İbrahimov isə öz növbəsində bildirib ki, Rusiya ilə Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətləri bütün məsələləri qarşılıqlı əməkdaşlıq çərçivəsində həll etməyə imkan verir. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan tərəfi Rusiya Federasiyası hökumətinin qəbul etdiyi qərarın bu ölkə ərazisində məskunlaşmış azərbayanlılara və digər miqrantala qarşı yönəlmədiyini yaxşı başa düşür və qərarın icrası zamanı yaranacaq problemlərin hər iki tərəfin birgə səyləri ilə aradan qaldırılacağına əmindir. Görüşdə həmçinin vurğulanıb ki, azərbaycanlıların kompakt yaşadığı regionlarda operativ qərargahların yaradılması məqsədəuyğun olardı.

Xəbər lenti

Xəbər lenti