...

DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovun vəkili müdafiə çıxışından imtina edib

Cəmiyyət Materials 13 Dekabr 2006 14:03 (UTC +04:00)

Dekabrın 13-də Hacı Məmmədovun və onun banda üzvlərinin məhkəməsində DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, təqsirləndirilən şəxs Zakir Nəsirovun vəkili Adil İsmayılov müdafiə çıxışından imtina edib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Adil İsmayılov müdafiə çıxışından imtina etməsinin səbəbini belə izah edib ki, məhkəmə istintaqı dövründə hakim onun çoxsaylı vəsatətlərini rədd edib.

Sonra digər təqsirləndirilən şəxs Husain Abdulvahabovun vəkili Ulduzə Əhmədova isə müdafiə çıxışı edərək məhkəmə heyətinin nəzərinə çatdırıb ki, prokurorun Husain Abdulvahabov barədə məhkəmədən tələb etdiyi cəza həddindən artıq ağırdır. Vəkil hakimdən xahiş edib ki, Husain Abdulvahabova cəza təyin edilərkən onun ilk məhkumluğu, himayəsində 5 azyaşlı uşağın olması və digər yüngülləşdirici hallar nəzərə alınsın.

Daha bir neçə təqsirləndirilən şəxsin vəkili də eyni xahişlə müdafiə çıxışı ediblər.

Xəbər lenti

Xəbər lenti