"4 aydan artıq davam edən məhkəmə mənim cinayətlərimin yalnız 30-40 faizini araşdıra bildi". Trend xəbər verir ki, bunu dekabrın 14-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən məhkəmədə son sözlə çıxış edən DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, çoxsaylı qətllər və adam oğruluqları törətmiş banda başçısı Hacı Məmmədov söyləyib.
Hacı Məmmədov üzünü məhkəmə zalında əyləşənlərə tərəf tutaraq "törətdiyim əməllərə görə cəmiyyətdən və dostlarımdan xəcalət çəkirəm" - deyib.
Hacı Məmmədov: "Mən bir dəfə özümü öldürmək istədim, tutulandan bir neçə gün sonra - 2005-ci il martın 24-də MTN-nin təcridxanasında öz köynəyimlə özümü asdım, 6 dəqiqəyə yaxın huşsuz vəziyyətdə qaldım, hələ də dərk edə bilmirəm, necə oldu ki, mən sağ qaldım".
Hacı Məmmədov onu da bildirib ki, əslində onun bandasının izinə hələ həbs edilməmişdən 1 il 6 ay əvvəl düşüblər, lakin bandanı ifşa etməyiblər. Onun sözlərinə görə, əgər Beynəlxalq Bankın Prezidentinin həyat yoldaşı Zamir Hacıyevanın oğrulanması, onun ardınca isə "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli olmasaydı və bütün bunlara Prezident səviyyəsində reaksiya verilməsəydi, banda hələ də fəaliyyətini davam etdirəcəkdi.
Hacı Məmmədov bildirib ki, ümumiyyətlə, müttəhimlər kürsüsündə əyləşənlərin heç də hamısı onun bandasının üzvləri olmayıblar. "Mənim bandamda iki nəfər çeçen qaçqını, 2 nəfər sürücüm, 1 nəfər bağbanım, iki nəfər də polisə yarımayan, ancaq mənim işlərimə yaxşı yarıyan polis əməkdaşı olub. Qalanları isə Hüsainin dəstəsindəndir" - deyə Hacı Məmmədov söyləyib.
Qeyd edək ki, Hüsain Abdulvahabov da Hacı Məmmədovun banda üzvü kimi məhkəmə qarşısnıda dayanıb. Hacı Məmmədov məhkəmənin ilk günündən Hüsain Abdulvahabovun özünün ayrıca banda başçısı olduğunu və iki bandanın törətdiyi cinayətlərin istintaq orqanı tərəfindən birləşdirildiyini bildirib.
Məhkəmə Hacı Məmmədovun son söz söyləməsi ilə davam edir.