...

Dövlət Komitəsinin şöbə müdiri: "Rusiyada yaşayan Azərbaycan vətəndaşlarından indiyədək deportasiya edilən olmayıb"

Cəmiyyət Materials 14 Dekabr 2006 14:10 (UTC +04:00)

Rusiyada yaşayan və işləyən Azərbaycan Respublikası vətəndaşlarından indiyədək deportasiya edilən olmayıb. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin birinci ərazi şöbəsinin müdiri Şakir Səlimov məlumat verib.

Qeyd edək ki, Rusiya hökuməti 2007-ci il yanvarın 15-dən ölkə ərazisində qeyri-leqal yaşayan miqrantların deportasiya edilməsi, həmçinin ticarətlə məşğul olmalarına məhdudiyyətlər qoyulması barədə qərar verib. Bununla əlaqədar azərbaycan prezidenti "Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında" 22 noyabr 2006-cı il tarixdə sərəncam verib. Sərəncamdan irəli gələqn tədbirləri həyata keçirmək üçün Azərbaycanın 7 nazirliyinin, Prezident Aparatının 3 şöbəsinin nümayəndələrindən ibarət Bakıda operativ qərargah yaradılıb.

Qərargahın işçi qrupunun üzvü, Dövlət Komitəsinin şöbə müdiri Şakir Səlimov bildirib ki, bu gün - dekabrın 14-də işçi qrupunun toplantısı keçirilib. O, qeyd edib ki, Rusiyanın 7 federal dairəsində və paytaxt Moskva şəhərində də operativ qərargahlar yaradılıb, Dövlət Komitəsi və Ümumrusiya Azərbaycanlıları Konqresinin birgə səyi ilə bu proses davam etdirilir. Ş.Səlimovun sözlərinə görə, azərbaycanlıların problemlərinə köməklik göstərilməsi üçün Rusiya Federasiyasının 89 regionunun hamısında qərargahlar yaradılması nəzərdə tutulub. Həmçinin Bakıdakı qərargah Rusiyada yaşayan azərbaycanlıların həm qeydiyyat məsələsini həll etməyə, həm də lazım gələrsə, bəzi soydaşlarımızın Azərbaycana qayıdaraq öz rayonlarında (kənd və ya şəhərlərində) müvafiq işlə təmin olunmasına yardım göstərməyi nəzərdə tutur: "Bunun üçün biz Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqəli işləyirik, soydaşlarımız istəsələr onların öz vətənlərinə qayıdaraq yaşadıqları yerlərdə işlə təmin olunmalarına şərait yaradıla bilər".

Dövlət Komitəsinin rəsmisi onu da deyib ki, Rusiyadan deportasiya edilən azərbaycanlılar yalnız Gürcüstan vətəndaşları olan soydaşlarımızdır. Bu da Rusiya ilə Gürcüstan arasındakı münasibətlərdən irəli gəlir: "Rusiya hökuməti yeni qanun çıxarandan bəri Azərbaycan vətəndaşlarından demək olar ki, deportasiya edilənlər yoxdur".

Xəbər lenti

Xəbər lenti