...

Ramil Səfərovun işi ilə bağlı Azərbaycandan Budapeştə hələlik yalnız bir vəkil gedəcək

Cəmiyyət Materials 26 Dekabr 2006 14:00 (UTC +04:00)

Budapeştdə ömürlük həbsə məhkum edilmiş Azərbaycanın Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla görüşmək və apellyasiya şikayəti ilə bağlı sənədlərlə tanış olmaq üçün yanvarın 15-də Azərbaycandan Budapeştə onun ailəsinin hələlik yalnız bir qanuni nümayəndəsi ezam olunacaq. Bu barədə Trend ə Budapeştə ezam olunacaq vəkil, Vəkillər Kollegiyasının üzvü İkram Şirinov məlumat verib.

İ.Şirinov bildirib ki, o, R.Səfərovun ailəsinin qanuni nümayəndəsi qismində məhkəmədə iştirak edəcək. Macarıstanın qanunvericiliyinə uyğun olaraq məhkəmə prosesinə hüquqi müdaxilə edə bilməsə də, sənədlərin hazırlanmasında yardımçı olacaq.

O, ilk səfərində R.Səfərovla görüşəcək, sənədlərlə tanış olacaq, bəzi zəruri sənədlər hazırlayacaq, eyni zamanda artıq Macarıstan hökuməti tərəfindən təyin edilmiş macar vəkili Corc Macarla da görüşəcək və Bakıya qayıdacaq. Növbəti səfər isə məhkəmə prosesinə bir neçə gün qalmış baş tutacaq. Kütləvi informasiya vasitələrində yanvarın 15-də İkram Şirinovla bərabər digər vəkil Elmar Kərimovun da Budapeştə səfər edəcəyi barədə məlumatlara gəlincə isə, İkram Şirinov bunu təkzib edib. O bildirib ki , Budapeştə hələlik tək gedəcək. Elmar Kərimov artıq məhkəmə iclası ərəfəsində həmin ölkəyə onunla birlikdə ezam olunacaq.

"Artıq bir müddətdir ki, Ramil Səfərovla telefonla mütamadi olaraq danışıram, apellyasiya şikayəti ilə bağlı məsələləri müzakirə edirik" - deyə İ.Şirinov bildirib.

İ.Şirinov Ramil Səfərovla bağlı keçirilmiş ilkin instansiya məhkəməsində R.Səfərovun müdafiəsində boşluqlara yol verildiyini də vurğulayıb. Eyni zamanda məhkəmə ətrafında Azərbaycan ictimaiyyəti arasında səs-küy yaradılmasının, müxtəlif şüarlar səsləndirilməsinin də Ramil Səfərovun ağır cəzaya məhkum edilməsində böyük rol oynadığını bildirib.

"Əgər gələcəkdə də apellyasiya məhkəməsi ətrafında belə səs-küy, məsuliyyətsiz çıxışlar olarsa, bu zaman Budapeştin Apellyasiya Məhkəməsinin çıxaracağı qərara mənfi təsir göstərə bilər. Biz artıq bir dəfə bu kimi aksiyaların heç də müsbət nəticə vermədiyini gördük və gələcəkdə belə hərəkətlərə yol verməməliyik" - deyə İ.Şirinov qeyd edib.

İ.Şirinov məhkəmə iclasının 22 fevral 2007-ci il tarixə təyin olunması barədə isə bildirib ki, ona hələlik bu barədə heç bir məlumat verilməyib. "Mən yalnız Budapeştə yola düşəndə artıq dəqiqləşdirə bilərəm ki, həqiqətən də məhkəmə iclası başlayacaq. Bu başdan məhkəmənin başlayacağı tarix barədə dəqiq danışmaq tezdir" - deyə İ.Şirinov vurğulayıb.

Qeyd edək ki, Ramil Səfərov erməni zabiti Qurgen Markaryanı qətlə yetirməkdə təqsirləndirilərək Budapeşt məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük həbsə məhkum edilib. Hökmdən narazı qalaraq apellyasiya şikayəti verilib. Azərbaycanın Budapeştdəki səfirliyindən bildiriblər ki, apellyasiya şikayətinə 22 fevral 2006-cı il tarixdə Budapeştdə, Apellyasiya Məhkəməsində hakim Karpati Piroşkanın sədrliyi ilə baxılacaq.

Xəbər lenti

Xəbər lenti