...

Elçin Şıxlı: "Nijni Novqorod şəhərində "Palmali" şirkətinə məxsus "İsmayıl Şıxlı" adına yeni yük gəmisi suya buraxılacaq"

Cəmiyyət Materials 27 Dekabr 2006 18:22 (UTC +04:00)

Dekabrın 29-da Rusiyanın Nijni Novqorod şəhərində "Palmali" şirkətinə məxsus "İsmayıl Şıxlı" adına yeni yük gəmisi suya buraxılacaq. Bu barədə Trend ə İsmayıl Şıxlının oğlu, "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı məlumat verib.

O bildirib ki, ən böyük yük gəmilərinə sahib olan dünyanın iri şirkətlərdən biri "Palmali" öz gəmilərindən birini Azərbaycanın tanınmış ziyalısı, mərhum yazıçı İsmayıl Şıxlının adı ilə adlandırıb. Nijni-Novqorodda bu yeni gəminin ilk dəfə suya buraxılması mərasimi keçiriləcək. Mərasimdə Elçin Şıxlı, "Palmali" şirkətinin baş ofisinin nümayəndələri, rəhbərliyi, həmçinin Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak edəcəklər.

"Gəmiyə İsmayıl Şıxlının adının verilməsi üçün bizə müraciət edilmişdi və ailəmizdən icazə istəmişdilər. Təbii ki, biz də razılıq verdik və bu, bizim üçün şərəfdir"-deyə E.Şıxlı vurğulayıb.

Qeyd edək ki, azərbaycanlılara məxsus olan "Palmali" şirkəti Azərbaycanın görkəmli şəxsiyyətlərinin, yazıçı Mir Cəlalın, akademik Zərifə Əliyevanın, xeyriyyəçi Zeynalabdin Tağıyevin, Milli Qəhrəman Çingiz Mustafayevin və başqalarının, həmçinin Qarabağın adını özünün ən böyük yük gəmilərinə verib və onlar dünya dənizlərində üzür.

Xəbər lenti

Xəbər lenti