Azərbaycan və Türkiyə bundan sonra da təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. Nazirlikdən Trend ə verilən xəbərə görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanovun Türkiyənin bizim ölkədə yeni təyin olunmuş səfiri Hüseyn Avni Qarslıoğlu ilə görüşündə bildirilib.
Görüşdə M.Mərdanov təhsil sahəsindəki əlaqələr, o cümlədən təhsillə bağlı həyata keçirilən mübadilə proqramı haqqında ətraflı məlumat verib. Nazir bildirib ki, hazırda minlərlə türk tələbələr Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alırlar, Türkiyədə isə çoxlu sayda azərbaycanlı gənclər təhsil alır. H.Avni Qarslıoğlu təhsil sahəsində əlaqələrimizin gələcək inkişafının mühüm olduğunu vurğulayıb.
Görüşdə qardaş ölkələrimizn ali təhsil müəssisələri arasında əlaqələrin inkişafına, orta təhsillə bağlı "Qardaş məktəblər" layihəsinin həyata keçirilməsinə, tarix və ədəbiyyatdan birgə dərsliklərin hazırlanmasına aid məsələlər müzakirə olunub.